Şamaxı Astrofizika Rəsədxanası Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib Dek 26, 2019 | 16:12 / ASTRO SEMİNARLAR

Dekabrın 26-da, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının Gənc Alim və Mütəxəssislər Şurasının növbəti astroseminarı keçirilib.

Seminara rəhbərlik edən a.ü.f.d Günel Bahəddinova seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının "Qoşa ulduzlar və  eruptiv proseslər" şöbəsinin kiçik elmi işçisi Arzu Orucova "CH Cyg simbiotik ulduzun spektral xüsusiyyətlərinin öyrənilməsi" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminarda CCD işıq qəbuledicisi tətbiq etməklə 2m-lik teleskopda Şamaxı Fibre Eşelle spektroqrafı vasitəsi ilə CH Cyg simbiotik ulduzun yüksək ayırdetməli spektrlərinin alınması, işlənməsi, emalı və alınan nəticələrin ulduzun parlaqlıq əyrisi ilə müqayisəli təhlilinin CH Cyg ulduzunda fotometrik və spektral tezdəyişmələrin öyrənilməsində böyük rol oynadığını bildirib. O, qeyd edib ki, CH Cyg simbiotik ulduzun 2018-ci ildə CCD eşelle spektrlərinin təhlilindən aşağıdakı yeni elmi nəticələr alınmışdır:

1. Hb emissiya xəttinin spektrofotometrik parametrləri- xəttin ekvivalent eni, bənövşəyi və qırmızı komponentlərin intensivlikləri ulduzun V filtirindəki parlaqlıq əyrisi ilə eyni xarakterli əks fazalı dəyişmə göstərir.
2. NaI-in dublet xətlərinin hər ikisi qoşa komponentli struktur göstərir və hər iki xəttin qırmızı komponentlərinin intensivliklərinin dəyişməsi V parlaqlıq əyrisinin dəyişmə xarakteri ilə tam üst-üstə düşür.      
3. HeI 5876 xətti kəskin dəyişməsi və emissiyanın tamamilə yoxa çıxması müşahidə olunmuşdur.  
4. Hb və HeI 5876 xəttinin bənövşəyi qanadında sürəti -800 km/s çatan absorbsiya cetləri müşahidə edilmişdir.

Seminar iştirakçılarının böyük marağına səbəb olan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.