Kosmonavtika və Azərbaycan Sen 12, 2017 | 14:09 / MARAQLI MƏLUMATLAR

Kərim Kərimov həmişə deyirdi ki, iş prosesində yol verilən ən cüzi nöqsan, kiçik yanlışlıq belə bütünlükdə layihəni məhv edə, yüzlərlə, minlərlə mütəxəssisin zəhmətini puça döndərə, ən başlıcası isə insan həyatı bahasına başa gələ bilər.

O, kosmonavtları şəxsən yola salır, onların təhlükəsizliyi ilə bağlı da hər zaman böyük məsuliyyət hiss edirdi. O, özünün xatirələr kitabında yazır ki, 1967-ci ildə "Soyuz-1" gəmisi ilə kosmosa 2-ci dəfə uçmuş Vladimir Komarovun Yerə qayıdan zaman həlak olmasına səbəb paraşütün yerləşdiyi konteynerin daxili səthinin texnologiyalarının pozulduğu zavodda hazırlanması olub.

1973-cü ildə Bakıda müxtəlif ölkələrin alimlərinin və kosmonavtların iştirakı ilə beynəlxalq konfrans keçirilir. O zaman Sovet Azərbaycanına rəhbərlik edən  Heydər Əliyev konfransda iştirakı zamanı Azərbaycan  Elmlər Akademiyasının alimlərinə SSRİ-də həyata keçirilən kosmik proqramlarda yaxından iştirak etməyi, kənarda qalmamağı bir vəzifə olaraq tapşırdı. O zaman Azərbaycanın müəssisələri kosmosa buraxılan peyklərdə istifadə olunan cihaz və qurğular üçün mikrosxemlər, günəş batareyaları üçün panellər, infraqırmızı diapazonda işləyən videokameralar və s. istehsal edirdi. 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının nəzdində Tofiq İsmayılovun rəhbərliyi ilə “Kaspiy” Elmi Mərkəzi təşkil olunur və beləliklə də Azərbaycan kosmonavtikasının bünövrəsi qoyulur. Təəssüflə qeyd etmək istəyirəm ki, orta məktəb dərsliklərində və dövrü mətbuatda “Kaspiy” adı yalnış olaraq doğma Xəzər dənizimizin adının rusca tərcüməsi kimi oxuculara təqdim olunur, hətta bəzi redaksiya əməkdaşları qabağa qaçaraq “Kaspiy” Elmi Mərkəzinin adını tərcümə edərək “Xəzər” Elmi Mərkəzi kimi də yazırlar. Hansı ki, Azərbaycan dilinin qrammatikasının tələblərinə əsasən xüsusi isimlərin tərcüməsinə icazə verilmir. T. İsmayılov özünün “Tərsinə Astronomiya” kitabında (Bakı, 1987-ci il, rus dilində) qeyd edir ki, “Kaspiy” (rusca "Каспий") adı “kosmik cihazqayırma” söz birləşməsinin rus dilindəki “kosmiçeskaya priborstroeniya”nın tələffüzündən alınıb.

T. İsmayılovun insanları bir araya gətirmək, eyni düşüncəli insanlardan kollektiv formalaşdırmaq, ən yaxşı, ən istedadlı mütəxəssisləri bir araya toplamaqda böyük bacarığı var idi. İsmayılovun növbəti və təəssüf ki, sonuncu ünvanı Azərbaycan Milli Aerokosmik Agentliyinin Kosmik Tədqiqatlar və elmi-istehsalat işləri üzrə Baş direktoru və baş konstruktoru vəzifələri olub. 1991-ci ilin  20 noyabr gecəsində Dağlıq Qarabağla bağlı artıq qızışmaqda olan münaqişənin qarşısını almaq üçün Azərbaycan xalqının qaymaqları, siyasətçiləri, alimləri vertolyotla Qarabağa yollanmışdılar. Separatçılar tərəfindən vurulan "Mi-8" vertolyotunda görkəmli alim, Azərbaycanda kosmonavtika elminin yaradıcısı və əsas simalarından biri Tofiq Mir Kazım oğlı İsmayılov (1933-1991) da var idi. 

T. İsmayılov əslən məşhur Basqal kəndindən idi. Bu yazının həmmüəlliflərindən olan Bəhram Basqallı fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, həm də Azərbaycan Yazıcılar Birliyinin üzvüdür. Bəhram bəy  30 ildən artıq AMAKA-da çalışmış, adi mühəndislikdən şöbə rəisliyinə qədər yüksəlmişdir. Bəhram Basqallı aşağıdakı şeiri Tofiq İsmayılovun işıqlı xatirəsinə həsr edib:

 

Qızılgül nəfəsli, polad biləkli,

Dəmir iradəli, yuxa ürəkli,

Ağsaqqal ağıllı, körpə diləkli,

Ay ellər, Basqaldan bir insan çıxıb!

 

Elm dəryasında üzən bir gəmi, 

Zəkası bol məhsul verən bir zəmi,

Fəhmi həll edirdi hər problemi,

Ay ellər, Basqaldan bir Loğman çıxıb!

 

Basmışdı Vətəni geniş köksünə,

Şir kimi gedirdi düşmən üstünə,

Bu gün təzim edək onun büstünə,

Ay ellər, Basqaldan qəhrəman çıxıb!

 

Ruhu qarşısında biz  baş endirək,

Məzarı önündə çiçəklər sərək,

“Bismillah”  söyləyib fatihə verək,

Ay ellər, Basqaldan müsəlman çıxıb! 

 

Kosmik Tədqiqatlar Elmi-İstehsalat Birliyi 2007-ci ildən Müdafiə Sənayesi Nazirliyinin tərkibində Milli Aerokosmik Agentlik kimi fəaliyyət göstərir və ölkənin hərbi qüdrətinin möhkəmlənməsində, o cümlədən ballistik raketlərin məsafədən aşkarlanması, peyk kəşfiyyatı, bundan əlavə naviqasiya rabitasi, ekoloji problemlərin və mülki təyinatlı məsələlərin həllində öz töhfələrini verməkdədir.

Musa Manarov    

Kosmonavtikanın inkişafına öz töhfəsini vermiş daha bir həmvətənimiz Musa Manarovdur.

1987-ci il dekabrın 21-dən 1988-ci il dekabrın 21-dək o, "Soyuz TM-4" kosmik gəmisində bort mühəndisi kimi uçuş keçirib, bundan sonra isə "Mir" orbital kompleksinin göyərtəsinə keçib. Manarov o zaman hələ də təkrarlanmamış dünya rekordu müəyyənləşdirib - O, 365 sutka 23 saat orbitdə olub. Elə həmin il Manarova Sovet İttifaqı Qəhrəmanı adı verilib. 1990-cı il dekabrın 2-dən 1991-ci il mayın 26-dək Manarov "Soyuz TM-11" kosmik gəmisində və "Mir" orbital kompleksində bort mühəndisi kimi 2-ci uçuşunu keçirib. Bu uçuş 175 sutka 2 saat davam edib. O, 7 dəfə açıq kosmosa çıxıb və ümumilikdə orada 34 saat 23 dəqiqə qalıb.

Musa Xiraman oğlu Manarov 22 mart 1951–ci ildə Respublikamızın paytaxtı Bakı şəhərində hərbi qulluqçu ailəsində anadan olmuşdur. Milliyyətcə lakdır. Atasının hərbi qulluqçu olması üzündən ailəsi tez-tez yaşayış yerlərini dəyişməli olublar. Ona görədə Musa orta məktıbi səkkizinci sinifədək Ukraynanın Xarkov şəhərində, onuncu sinifi isə Çuvaşiya Muxtar respublikasının Alatır şəhərində oxumuş və qızıl medalla bitirmişdir. Ali təhsili 1974-cü ildə Moskva Aviasiya İnstitutunda Uçan aparatların radioelektronikası  ixtisası üzrə almışdır.1979-82-ci illərdə “Buran” (Çoxpilləli kosmik uçuş gəmisinin məxfi adı) proqramı üzrə kosmonavtlar qrupu tərkibində hazırlıq keçmişdir.

Atası Xiraman Manarov 1941-45-ci illər SSRİ-Almaniya müharibısinin iştirakçısı olmuş və müharibədən sonra müddətdən artıq xidmət edın hərbiçi kimi fəaliyyətini davam etdirmişdir. Hazırda istefada olan polkovnik-mühəndisdir.

Anası Manarova Əsvat Abdul qızı evdar qadın olmuşdur. Musanın həyat yoldaşı Nailə xanım hal-hazırda Rusiyanın paytaxtı Moskvada Mərkəzi Kliniki xəstəxanada həkim işləyir. Nahidə adında bir qızı (1980) və Zaur adında bir oğlu (1981) var.

Musa Manarov hazırda istefadadır. Vətəni Bakı ilə daima əlaqə saxlayır, ölkəmizdə kosmonavtika ilə bağlı keçirilən tədbirlərdə fəal iştirak edir.

 

Müəlliflər¦ BƏHRAM Basqallı (alim-şair), ƏRŞAD Əhmədli         

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.