Beynəlxalq Astronavtika Konqresi Noy 01, 2019 | 16:11 / MÜHÜM HADİSƏLƏR

Beynəlxalq Astronavtika Konqresi yarım əsrlik fasilədən sonra yenidən Bakıya qayıdır. Belə ki, ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Beynəlxalq Astronavtika Federasiyasının Baş Assambleyasında keçirilmiş seçkilər zamanı Bakı şəhəri 2022-ci ildə keçiriləcək Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanıb.

Bu  mötəbər  tədbirə  ev  sahibliyi  etməyə  namizəd  olan  şəhərlər  arasında  Sinqapur,  Rio-de-Janeyro  və  Nyu  Dehli  şəhərləri  də  olub.

Qeyd edək ki, 68 ölkəni təmsil edən 398 təşkilatın üzv olduğu Beynəlxalq Astronavtika Federasiyası kosmik sahədə fəaliyyət göstərən ən mötəbər beynəlxalq təşkilatdır. 1950-ci ildən etibarən fərqli ölkələrdə keçirilən Beynəlxalq Astronavtika Konqresi təşkilatın əsas tədbiridir. Bu konqres dünyanın kosmik sahədə aparıcı agentlikləri, elm mərkəzləri və beynəlxalq təşkilatlarının rəhbərləri, eləcə də məşhur alimlər, özəl sektordan olan yüksək səviyyəli peşəkarlar, gənc tədqiqatçılar və tələbələr də daxil olmaqla dünya kosmos ictimaiyyətinin 6,000-dən çox nümayəndəsini bir araya gətirən qlobal platformadır. Konqres zamanı iştirakçılar kosmos sahəsinə aid aktual trendləri  və ən son innovasiyaları izləmək fürsəti əldə edir.

Əslində, bu tədbirin Azərbaycanda keçirilməsinin daha dərin tarixi var. Beynəlxalq Astronavtika Konqresi ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 7-13 oktyabr 1973-cü il tarixlərində keçmiş Sovet İttifaqında yalnız bir dəfə və məhz Bakı şəhərində keçirilib. Həmin tədbirdə dünyanın 17 ölkəsindən gəlmiş 1,500-dən çox nümayəndə, eləcə də kosmonavtlar iştirak edib. Konqresdə Beynəlxalq Astronavtika Federasiyasının prezidenti Luici Gerardo Napolitano, Beynəlxalq Astronavtika Akademiyasının prezidenti Çarlz Stark Draper, amerikalı atronavt Tomas Stafford, iki dəfə Sovet İttifaqı qəhramanı adını almış kosmonavtlar Vladimir Şatalov, Vitali Sevastyanov, Georgi Bereqovoy və həmin dövrün kosmik sahədə fəaliyyət göstərən bir çox tanınmış simaları iştirak edib, kosmosun elmi və ümumbəşəri əhəmiyyəti barədə bəyanatlar veriblər.

Azərbaycan bu ilki Beynəlxalq Astronavtika Konqresində geniş tərkibli nümayəndə heyəti ilə təmsil olunub. Konqresdə çıxış edən Azərbaycan Respublikası Kosmik Məsələlər üzrə Şurasının elmi məsləhətçisi, fizika-riyaziyyat elmləri doktoru, akademik Roald Saqdeyev Azərbaycanın “Kosmik Proqramı”ndan bəhs edib və 2022-ci ildə keçiriləcək konqresə Bakının layiqli namizəd olduğunu vurğulayıb.

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkəmizdə kosmik sənayenin inkişafına göstərdiyi xüsusi diqqət və qayğı, seçkiqabağı prosesə verdiyi dəstək sayəsində bu il ərzində Beynəlxalq Astronavtika Federasiyasının tədbirləri zamanı aktiv təbliğat-təşviqat kampaniyası aparılıb. Bu böyük münasibətilə Prezident İlham Əliyev, Azərkosmos Açıq Səhmdar Cəmiyyətinin sədri Rəşad Nəbiyevi qəbul edib və bu mötəbər tədbirin Azərbaycanda yüksək səviyyədə keçirilməsi üçün lazımi göstərişlər verib.

Qeyd: Azərbaycanın namizədliyi ilə bağlı tanıtım videoçarxına baxmaq üçün keçiddən istifadə edə bilərsiniz.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.