Ən güclü geomaqnit qasırğalarından biri başlayıb Sen 08, 2017 | 11:09 / KOSMİK HAVA

Sentyabrın 7-dən etibarən ən güclü geomaqnit qasırğalarından biri başlayıb. 

Hal-hazırda Günəş diskinin görünən səthində 4 aktiv ləkə qrupunda (AR) 94 ləkə müşahidə olunur. Bu qruplar kifayət qədər böyükdür və hətta AR 2673 və AR 2674 Yerdən tutqun şüşə ilə baxdıqda adi gözlə görünə bilər (qətiyyən birbaşa baxmaq olmaz!). AR 2673 daha təhlükəli sayılır və maqnit sahəsi o qədər mürəkkəbdir ki (“beta-qamma-delta” adlanan ən mürəkkəb quruluş), bu ləkələrin yanında hər an ixtiyari gücə malik, o cümlədən, ən güclü rentgen X-sinfinə malik Günəş alışmaları baş verə bilər. Bu ehtimal 50%-ə çatıb və böyük rəqəmdir (orta gücə malik alışmaların generasiya ehtimalı üçün isə bu rəqəm hətta 75%-dir). Məhz 6 sentyabr tarixində baş vermiş X-9 sinifli rentgen alışmasından sonra planetlərarası fəzaya atılmış Tac Plazma Kütləsinin (CME) təsirləri gözlənildiyindən də tez, dünən axşam saatlarında Yer ətrafına çatıb və son illərin ən güclü geomaqnit qasırğasının yaranmasına səbəb olub.  Hal-hazırda Günəş plazma küləyinin sürəti 726 km/san-dir!    

Bu gün və qarşıdan gələn günlərdə güclü geomaqnit həyəcanlaşmasının davam edəcəyi gözlənilir. Hal-hazırda əsas geomaqnit indekslərindən biri olan Kp-nin qiyməti 8-dir (maksimum 9 olur). Yaxın saatlarda G3-G2 sinifli qasırğalar gözlənilir. Maksimal şkala G5-dir və bu cür şkalaya uyğun qasırğalar nadir hallarda, 11-ildə 1-2 dəfə baş verir.

Hal-hazırda planetlərarası maqnit sahəsinin Z komponentinin şimal istiqamətinə yönəlməsi vəziyyətin daha dramatik olmasının qarşısını alır.

Qasırğa yuxarı en dairələrində daha effektiv olur, əsrarəngiz qütb parıltılarının (“Aurora borealis”) şəkilləri artıq mediada yayınlanıb. Bizim orta coğrafi en dairələri üçün təsir nisbətən zəif olur.

Sağlam insanlardan fərqli olaraq, risk qrupuna daxil olan – xroniki ürək-qan-damar xəstəliklərinə düçar olanlar, ahıllar, uşaqlar gərginlikdən qaçmalı, yüngül qabaqlayıcı tədbirlər (həkim məsləhəti əsasında) görməlidirlər. Bu dəfəki qasırğa texnoloji sistemlərə də ciddi təsir göstərib. Artıq hər iki Amerika qitəsi ərazisində aşağı tezlikdə işləyən kommunikasiya siqnallarının işində təqribən 1 saatlıq deqradasiya yarandığı haqda məlumatlar yayılıb. Bu təsir R3 sinfinə mənsub (maksimum R5-dir) radio donma qasırğası olub. Digər tərəfdən, S1 sinifli radiasiya qasırğası da qeydə alınıb (bu, adətən qütblərdə yüksək tezlikli elektromaqnit dalğalarının yayılmasına mənfi təsir göstərir).    

Göründüyü kimi, kosmik hava şəraiti çox əlverişsizdir. Atmosfer təzyiqinin nisbətən qalxması da müşahidə olunur və bu, neqativ diskomfort effektlərini artırır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.