“Voyager”lər heliosfer mantiyasında səsin sürətini təyin etməyə kömək edib Okt 16, 2019 | 17:10 / ASTRO XƏBƏRLƏR

“Voyager” proqramı üzrə iki aparat, günəş küləyinin müntəzəm olaraq yavaşıdığı və ulduzlararası mühitlə qarşılıqlı təsirdə olduğu heliosferik mantiyada plazmanın təzyiqini və səsin sürətini təyin etməyə imkan vermişdir. NASA saytına istinadən xəbər verilir ki, Günəş fəallığının yaratdığı və bütün Günəş sistemindən keçən zərbə dalğası onlara bu işdə kömək olmuşdur.

1970-ci illərin sonlarında buraxılmış “Voyager” proqramının iki zondu, Günəş sisteminin nəhəng planetlərini öyrənmək üçün nəzərdə tutulmuş, daha sonra sistemin kənarlarına doğru getmişlər.

“Voyager-1” zondu 5 sentyabr 1977-ci ildə buraxılmışdır. 2010-cu ildə Günəş küləyinin təsiri nəzərə alınmayacaq dərəcədə kiçik olan oblasta daxil olmuşdur. 2012-ci ilin avqust ayında “Voyacer-1” zondu heliosferi artıq tərk etmişdir.

“Voyager-2” peyki isə 20 avqust 1977-ci ildə buraxılmışdır. 2012-ci ildə Günəşdən 100, 2017-ci ildə 115 astronomik vahid (a.v.) məsafədə olmuş, 2018-ci ilin dekabr ayında isə heliopauzanı keçərək ulduzlararası mühitə daxil olmuşdur. 2018-ci ilin dekabrında qeydə aldığı qalaktikadan gələn zərrəciklərin say sürəti 4 dəfə artmış, Günəşdən gələn zərrəciklərin sayı isə 30% azalmışdır.

Zondların ilkin ömrünün beş il nəzərdə tutulmasına baxmayaraq, onlar artıq 42 ildir ki, fəaliyyət göstərirlər. Hazırda “Voyager-2” zondu Yerdən təxminən 122 a.v. məsafədə yerləşir. “Voyager-1” isə Yerdən məsafəsi 147.5 a.v. olan ən uzaq insan əli ilə hazırlanmış texnoloji cisim sayılır. Hər iki cihaz artıq ulduzlararası məkandadır.

Qurğular indi heliosferik mantiyanı - Günəş küləyinin sürətinin ifrat səs sürətindən səs sürətinədək azaldığı zərbə dalğasının sərhəddi ilə Günəş küləyi  sürətinin azaldığı heliopauza adlanan  heliosferin sərhədi arasındakı oblastı öyrənirlər. Heliosfer mantiyasında Günəş küləyi axınının hərəkəti turbulent bir xarakter alır və ulduzlararası mühitlə qarşılıqlı təsirdə olaraq sürətini getdikcə daha da azaltmağa başlayır.

Alimlər bu mühitin fiziki parametrləri ilə maraqlanırlar. Bu, ulduzların ulduzlararası mühitlə qarşılıqlı təsir əlaqəsi ilə bağlı düzgün modellər hazırlamaq üçün çox vacibdir.

2012-ci ildə “Voyager-2” zondu güclü Günəş fəaliyyətinin mənbəyi olan plazma dalğasının gəlməsi ilə əlaqədar, qalaktik kosmik şüaların hissəciklərinin konsentrasiyasında müvəqqəti azalma qeydə aldı. Dörd ay sonra “Voyager-1” zondunun qurğuları eyni hadisəni qeydə aldı, bu da aparatların vəziyyətini və traektoriyasını bilən alimlərə heliosferik mantiyada plazma təzyiqini qiymətləndirməyə və mantiya daxilində səsin yayılma sürətini müəyyən etməyə imkan vermişdir.

Bu bölgədəki plazma təzyiqinin qiymətinin düşünüləndən daha yüksək olduğu ortaya çıxdı. Səs dalğası mantiyada saniyədə üç yüz kilometr sürətlə yayılır ki, bu da səsin havadakı sürətindən min dəfə böyükdür. Bununla bərabər, qalaktik kosmik şüaların hissəciklərinin konsentrasiyası haqqında əldə olunmuş məlumatlar bir-birindən fərqlənir: “Voyager-2” zondu özünə yaxın olan bütün ərazidə yüklü hissəciklərin sayında azalma aşkar etdiyi halda “Voyager-1” zondu yaxın maqnit sahəsinə perpendikulyar hərəkət edən hissəciklərin sayında azalma qeydə almışdır. Bu o deməkdir ki, zərbə dalğasının önündəki və arxasındakı mühitin parametrləri fərqlidir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.