Ümumdünya Kosmos həftəsi - Ay: Ulduzlara açılan darvaza Okt 04, 2019 | 11:10 / MÜHÜM HADİSƏLƏR

Kosmik fəzanın araşdırılmasına həsr olunan beynəlxalq səviyyəli tədbirlərdən ən böyüyü olan "Ümumdünya Kosmos həftəsi" hər il dünyanın 90-dan çox ölkəsində qeyd edilir.

Bu təşəbbüsün məqsədi kosmik elmlərin və texnologiyanın müasir cəmiyyətin inkişafındakı rolunu işıqlandırmaqdır.

1957-ci il oktyabrın 4-də Yerin ilk süni peykinin (“Sputnik-1”) orbitə çıxarılması, habelə dövlətlərin kosmik fəzanın, o cümlədən Ay və digər səma cisimlərinin öyrənilməsi və onlardan istifadə edilməsi üzrə fəaliyyət prinsipləri haqqında 10 oktyabr 1967-ci il tarixli müqavilənin qüvvəyə minməsi ilə əlaqədar, BMT Baş Məclisi 1999-cu il dekabrın 6-da Ümumdünya Kosmos Həftəsinin təsis olunması haqqında qərar qəbul etmişdir.

Ümümdünya Kosmos Həftəsi Assosiasiyasının İdarə Heyəti tərəfindən cari ilin "kosmos həftəsi" üçün "Ay: Ulduzlara açılan darvaza" mövzusu seçilmişdir.

Ümumdünya Kosmos Həftəsi Assosiasiyası 50-dən çox ölkənin milli koordinatorları tərəfindən dəstəklənən qeyri-hökumət təşkilatıdır.

Assosiasiyanı Buzz Aldrin, Bill Nye, Tom Hanks, Elon Musk, Dorin-Dumitru Prunariu, Max Grimard, Lisa La Bonte kimi tanınmış simalardan ibarət İdarə Heyəti idarə edir.

Assosiasiyanın məqsədi insanları kosmosun tədqiqindən gələn faydalar haqqında məlumatlandırmaq, iqtisadiyyatın inkişafını stimullaşdırmaq üçün kosmosun istifadəsini təbliğ etmək, elm və təhsilə maraq yaradılması, həmçinin kosmosun təbliği vasitəsilə millətlərin birgə əməkdaşlığı üçün zəmin yaratmaqdır.

Qeyd edək ki, Azərbaycan, o cümlədən Şamaxı Astrofizika Rəsədxanası bu beynəlxalq layihəyə 2015-ci ildən qoşulub və hər il bir həftə boyunca ölkədə astronomiya və kosmos elminin təbliğinə dair tədbirlər keçirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.