Şamaxı Astrofizika Rəsədxanasında İmadəddin Nəsimin 650 illik yubileyi ilə əlaqədar rəsm sərgisi, poeziya axşamı və brifinq təşkil olunub Okt 04, 2019 | 13:10 / TƏDBİRLƏR

4 oktyabr 2019-cu il tarixində Şamaxıda "Nəsimi ili" çərçivəsində keçirilən "Mədəniyyət həftəsi"nin sonuncu günündə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin, Şamaxı Rayon İcra Hakimiyyətinin və İsmayıllı Regional Mədəniyyət İdarəsinin birgə təşəbbüsü ilə bir sıra maraqlı tədbirlər keçirilib. Belə ki, N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında "Doğma diyar" rəsm sərgisi, "Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır" adlı poeziya axşamı, mətbuat nümayəndələri üçün "Mədəniyyət həftəsi"nə həsr olunmuş brifinq təşkil olunub.

"Doğma diyar" rəsm sərgisində Respublika uşaq musiqi və incəsənət məktəblərinin şagirdlərinin, rəsm qalereyaları əməkdaşlarının əsasını Nəsimi portretləri təşkil edən müxtəlif səpkili rəsm əsərləri nümaiş etdirilib.

Daha sonra "Çün Nəsimi aləmin sultanıdır, Dövr anın, dövran anın dövranıdır" adlı poeziya axşamı keçirilib. Tədbirdən öncə qonaqlar rəsədxananın ərazisində olan məşhur kimyaçı alim Yusif Məmmədəliyevin büstünü ziyarət edib, önünə əklil qoyublar.

Poeziya axşamına Bakı və regionlardan dəvət olunmuş ziyalılar, həmçinin Nəsimi yaradıcılığının araşdırmaçısı Hacı Fərəc, "Ailə" musiqi qrupu və onun rəhbəri, Əməkdar mədəniyyət işçiləri Rasim Ələsgərli və Rəhman Ələsgərli, Azərbaycan Respublikasının Xalq artisti Nurəddin Mehdixanlı iştirak edib. Poeziya axşamında Nəsimi irsi haqqında söhbət açılıb. Çıxış edənlər bildirib ki, Nəsimi ana dili ilə yanaşı ərəb və fars dillərində də yazıb. Onun şeirləri rus, gürcü, türk, həmçinin digər dillərə tərcümə olunub. Nəsimi haqqında rejissor Həsən Seyidbəyli tərəfindən məşhur bədii film çəkilib. Sonra iştirakçılar Nəsimin şeir, qəzəl və rübailərini səsləndiriblər.

Tədbirdən sonra keçirilən "Mədəniyyət həftəsi"nə həsr olunan brifinqdə Mərkəzin direktoru Asif Usubəliyev müxtəlif telekanalların və xəbər portallarının nümayəndələrinin suallarını cavablandırıb, həmçinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 11 yanvar 2019-cu il tarixli Sərəncamı ilə 2019-cu ilin ölkədə "Nəsimi ili" elan edilməsi barədə də məlumat verib. TWESCO tərəfindən UNESKO-nun mənzil qərərgı Parisdə təşkil olumuş Beynəlxalq Forumda Nəsimiyə həsr olumuş çıxışı haqqında xatirələri də mediya nümayəndələri ilə bölüşüb.

Birinfinqdən sonra açıq havada "Nəsimi" ("Cavadxan") filmi nümaiş etdirilib və qonaqlar üçün çay süfrəsi təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.