Şamaxı Astrofizika Rəsədxanasında növbəti seminar keçirilib Sen 25, 2019 | 15:09 / ASTRO SEMİNARLAR

25 sentyabr 2019-cu il tarixində AMEA Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti seminar keçirilib.

Seminarın mövzusu “Astrofiziki  şəraitdə meydana çıxan anizatrop plazma axınlarının tədqiqi üçün maqnit-hidrodinamik köçürmə tənliklərinin  həllində yeni qeyri-klassik  yanaşma üsulu haqında” olmuşdur. Seminarda Bakı Dövlət Universiteti (BDU), Bakı Mühəndislik Universiteti, AMEA-ın Riyaziyyat və Mexanika və AMEA-ın İdarəetmə sistemləri institutlarından tanınmış riyaziyyatçı alimlər də iştirak ediblər. 

Seminarı ŞAR-ın direktoru, AMEA-ın müxbir üzvü Namiq Cəlilov açaraq nəzəri astrofizika məsələlərinin həllində meydana çıxan riyazi problemlər və onların həllindəki əsas çətinlikləri qeyd edib. Bunlara misal olaraq, Günəş küləyində müşahidə olunan anizotrop plazma axınının modelləşdirilməsində axının supersonik rejimə keçidini təsvir edən maqnit-hidrodinamik tənliklər təqdim olunub. Sadələşdirilmiş stasionar və radial plazma axını üçün məsələnin həllinin üç birölçülü qeyri-xətti sinqulyar tənliklər sisteminə gətirildiyi göstərilib.

Sonra söz riyaziyyatçı alim, Azərbaycan Dövlət Pedoqoji Universitetinin (ADPU) əməkdaşı f.r.ü.f.d, dosent Məhəmməd  Nurməmmədova  verilib.  O  göstərib  ki,  təbiətinə  və  fiziki  mənasına  görə  bu  cür  tənliklər  sistemi M.V. Keldış tipli cırlaşma ilə bağlı olan sinfə daxildir və bu tənliklər sistemi qeyri-klassik metodlarla araşdırıla bilər.

Məruzəçi təklif olunan metodu müzakirəyə çıxarıb. İştirakçılar tərəfindən maraqla qarşılanan məruzə geniş diskussiyaya səbəb olub.

Sonda bu istiqamətdə elmi tədqiqatların birgə davam etdiriləcəyi elan olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.