Rəsədxana alimlərinin məqaləsi nüfuzlu impakt faktorlu jurnalda dərc edilib Avg 05, 2019 | 16:08 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının "Planetlər və kiçik səma cismləri" şöbəsinin baş elmi işçisi, AMEA-nın müxbir üzvü Əyyub Quliyev böyük elmi işçi, a.ü.f.d Rüstəm Quliyevin həmmüəllifi olduğu elmi məqalə, Polşanın "Acta Astronomica" elmi jurnalının (IF 3.052019-cu il buraxılışında nəşr edilib (Volume 69, Issue 2, Pages 177-203, doi: 10.32023/0001-5237/69.2.5).

Məqalədə Əyyub Quliyevin uzun illər ərzində işləyib hazırladığı nəzəriyyə öz əksini tapıb. Bu nəzəriyyəyə görə növbəti planet Günəşdən təxminən 330 a.v. (1 a.v. təxminən 150 milyon kilometrə bərabərdir) məsafədə böyük meyil bucağı altında hərəkət edir. Planet komet sistemində müəyyən təlatümlər yaradır ki, onların da aşkar edilməsi üçün müəlliflər tərəfindən riyazi alqoritmlər işlənib. Planetin kütləsinin Yerin kütləsinə nisbətən bir neçə dəfə böyük olması ehtimal olunur. Rüstəm Quliyevin hesablamaları göstərib ki, bu göy cisminin məlum planetlərlə qarşılıqlı qravitasiya təsiri çox cüzidir. Onun parlaqlığı o qədər zəifdir ki, yalnız ən böyük teleskopların (güzgüsünün diametri 5 metrdən yuxarı) və kosmik missiyaların axtarışa cəlb olunması lazımi nəticəni verə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.