“Mars-Ekspress” Marsda toz fırtınalarını izləyib İyl 31, 2019 | 13:07 / ASTRO XƏBƏRLƏR

Mars-Express orbital aparatı bu ilin may-iyun aylarında bir neçə gün davam edən Marsda səkkiz toz fırtınasının inkişafını müşahidə edə bilib.

Avropa Kosmik Agentliyinin saytında verilən məlumata görə, bu cür müşahidələr həm planetdə fəaliyyətdə olan avtomatik stansiyaların təhlükəsizliyini təmin etmək, həm də gələcək misiyaların planlaşdırılması baxımından əhəmiyyətlidir.

Marsdakı toz fırtınaları adətən, ayrı-ayrı bölgələri əhatə edir və bir neçə gün və ya bir neçə həftə davam edir, lakin zaman-zaman qlobal xarakter alır və bir neçə ay ərzində geniş bir ərazidə tüğyan edir. Belə toz fırtınaları Qırmızı planetdə işləyən marsaxodlara və avtomatik stansiyalara çox təsir edir və hətta, onların məhvinə  səbəb ola bilər. Gələcək misiyaların planlaşdırılması üçün Marsın iqlimini başa düşmək vacibdir, buna görə orbital aparatlar və roverlər gündəlik meteoroloji məlumatı toplayaraq Yerə göndərirlər.

İndi Marsın şimal yarımkürəsində bahardır və qütb qapağının ətrafındakı atmosferdə su-buz kristallarının buludlarını, kiçik toz buludlarını müşahidə edə bilərsiniz. 22 May - 10 İyun 2019 tarixləri arasında, HRSC (High Resolution Stereo Camera - Yüksək Ayırdetməli Stereo Kamera) və VMC (Visual Monitoring Camera) kameralarından istifadə edərək ”Mars-Express” orbital aparatı, ömrü 1-3 günə qədər olan səkkiz toz fırtınasının təkamülünü izləyib, həmçinin ekvator istiqamətində onların inkişafını və hərəkətini də izləmək mümkün olub. Qütb qapağının hüdudlarından yuxarıda və ondan bir neçə min kilometr aralıda, kamera  Elisey və Olimp vulkanlarının yaxınlığında nazik, parlaq buludları qeyd edib. MARCI alətindən istifadə edən qurğu toz fırtınalarının böyük vulkanlara çatdığı  zaman  oroqrafik buludların meydana gəlməsinin başladığını aşkar edib.

Belə yerli toz fırtınaları cəmi bir neçə gün davam edir, səthdən qaldırılan toz qlobal hava dövranı mexanizmləri sayəsində Mars atmosferinə yayılır və atmosferin aşağı qatlarında, təxminən 20-40 kilometr yüksəkliklərdə nazik bir duman əmələ gətirir.

Toz və buludlar iyun ayının ortalarına qədər vulkanların yaxınlığında qalıb.

İndi Marsın səthində Curiosity gəzicisi  və InSight eniş zondu işləyir, təxminən bir ildən sonra onlara daha iki yeni mars gəziciləri – Avropanın “ Rosalind Franklin” və Amerikanın “Mars 2020” qoşulmalıdır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.