Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib İyl 18, 2019 | 14:07 / ASTRO SEMİNARLAR

İyulun 18-də, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminarın rəhbəri, f-r.ü.f.d Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında ətraflı məlumat verib.

Sonra rəsədxananın “Nəzəri Astrofizika  və  kosmologiya” şöbəsinin aparıcı elmi işçisi, f.r.ü.f.d Bala Əli Rəcəbov "Elementar zərrəciklərin standart modeli və kosmologiya" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi seminar iştirakçılarına elementar zərrəciklər və onların qarşılıqlı təsirləri haqqında müasir təsəvvürlər barədə məlumat verib. Seminar icmal xarakterli olduğundan elementar zərrəciklərin Standart Modeli üzrə aşağıdakı məsələlər barədə danışıldı:

  • - atomun və onun nüvəsinin quruluşu haqda təsəvvürlərin inkişafı;
  • - elementar zərrəciklərin təsnifatı və kəşf olunma tarixləri;
  • - SU(2) və SU(3) simmetriyalar və onların spontan pozulması;
  • - elektrozəif qarşılıqlı təsirin Qleşou-Vaynberq-Salam modelinin və kvant xromodinamikasının əsasları;
  • - SU(2)xU(1) simmetriyası və onun spontan pozulması;
  • - kvark və lepton nəsilləri;
  • - asimptotik sərbəstlik və konfaynment;
  • - neytrino osilyasiyası və steril neytrino;
  • - Hiqqs bozonu və tetrakvarklar.

Seminarda diqqətə çatdırılan məsələlərin kosmologiyanın müasir problemləri ilə əlaqəsinə də yer ayrılıb.

Tədbir iştirakçıları tərəfindən maraqla qarşılanan məruzənin sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb, suallar cavablandırılıb.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.