Rəsədxanada "Kosmos Yay festifalı" keçirilib İyl 15, 2019 | 17:07 / TƏDBİRLƏR

İyul ayının 13-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) "Kosmos Yay festivalı" keçirilib. Festivalda əsasını gənclər təşkil edən 120 nəfər müxtəlif yaş qruplarının nümayəndələri iştirak ediblər.

Tusi-Bohm PlanetariumŞamaxı Astrofizika Rəsədxanasının birgə təşkilatçılığı ilə reallaşdırılan təşəbbüsün məqsədi "Bəşəriyyətin böyük sıçrayışı" sayılan

 

Aya enmənin 50 illiyi münasibəti ilə ictimaiyyət arasında bu istiqamətdə maarifləndirmə aparılması olub.

Festival iştirakçılarını ŞAR-ın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri, f.f.d Ədalət Ətayi qarşılayaraq onları rəsədxananın muzeyi ilə tanış edib və muzeydəki ekspanatlar haqqında ətraflı məlumat verib.

Sonra iştirakçılar, müəyyən edilmiş kamp ərazisinə aparılaraq onlar üçün nəzərdə tutulmuş çadırlarda yerləşdirilib. Burada dron uçuşları izlənilib, o cümlədən Bakı Mühəndislər Universiteti (BMU) tələbələrinin hazırladığı uça bilən təyyarə nümayiş edilib.

Daha sonra kamp ərazisindən meşəyə yürüş təşkil edilib. Təbiət gəzintisindən sonra iştirakçılar ŞAR-ın konfrans zalına yollanıb. Konfransda f.f.d Ədalət Ətayi Astronomiya elmi haqqında maraqlı məruzə ilə çıxış edib. Böyük marağa səbəb olan məruzənin sonunda iştirakçıları maraqlandıran suallar cavablandırıb. 

Konfransın ardınca ŞAR-ın 2 m-lik teleskopunun binasına aparılan festival iştirakçılarına burada ŞAR-ın əməkdaşı, a.f.d. Orxan Xəlilov tərəfindən teleskopun tarixi, onun iş prinsipi, teleskopda aparılan elmi tədqiqat işlərinin nəticələri barədə geniş məlumat verilib. 

Sonda kamp ərazsinə qayıdan festival iştirakçıları ilə müxtəlif əyləncəli oyunlar təşkil edilib. Tonqalın ətrafında canlı musiqi dinlənilib, geniş elmi müzakirələr aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.