Kosmik hava durumu və proqnozu İyl 04, 2019 | 09:07 / KOSMİK HAVA

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Günəş diski ləkəsizdir. Koronoqraf görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac kütlə atılması) müşahidə olunmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində normal səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrlərində sakit rejimə uyğun qiymətlər müşahidə olunmuşdur. Günəş küləyinin sürəti 300 km/san-dən 370 km/san-yə qalxmışdır. Ümumi maqnit sahəsi 3-7 nT intervalında olmuşdur. Bz komponenti üçün kənaraçıxma intervalı isə +/- 5 nT tərtibindədir. Phi bucağı əsasən müsbət günəş sektorunda qərarlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınmışdır (Kp=3, 4).

Kosmik hava proqnozu – Proqnoz dövründə (04 - 06 iyul) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə (04 - 06 iyul) CH HSS effektinin (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) təsiri hesabına yüksələcəyi proqnozlaşdırılır. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (04 - 06 iyul) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə (04 - 06 iyul) Günəş küləyi parametrlərinin güclənəcəyi proqnozlaşdırılır. Belə ki, STEREO A PLASTIC məlumatlarına görə  Günəş küləyinin sürəti 450-550 km/san diapazonuna kimi arta bilər. Buna səbəb olaraq iyulun 4-də və 5 iyulun başlanğıcında CIR (Co-rotating Interaction Region - Birgə-dönən qarşılıqlı-təsir regionu) effektinin geoeffektiv olacağı göstərilir. Bu effekt yüksək sürətli axınlarla müşayiət olacaq.

Proqnoz dövründə (04 - 06 iyul) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılsa da mənfi qütblü CH HSS effektinin təsiri hesabına fasilələrlər həyəcanlaşmaların yaranacağı istisna edilmir (Kp=3, 4). Belə həyəcanlaşmalar əsasən 5 və 6 iyul tarixləri üçün xaraketerik olacaq. Maqnit qasırğasının yaranması ehtimalı 4 iyulda 5%-dən, 5 iyulda 20%-dən, 6 iyulda isə 10%-dən aşağı qiymətləndirilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.