Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib İyn 28, 2019 | 16:06 / ASTRO SEMİNARLAR

25 iyun tarixində, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.

Seminarı Şamaxı Astrofizika Rəsədxanasının "Qoşa ulduzlar və eruptiv proseslər" şöbəsinin müdiri, f-r.ü.f.d Bayram Rüstəmov açaraq, seminar haqqında tədbir iştirakçılarına məlumat verib.

 

Sonra rəsədxananın “Planetlər və kiçik səma cisimləri” şöbəsinin müdiri Ədalət Ətayi "Uran və Neptun planetlərinin spektrlərində molekulyar hidrogen xətlərinin tədqiqi"  mövzusunda məruzəsini seminar iştirakçılarına təqdim edib.

Məruzəçi qeyd edib ki, Uran və Neptun planetlərinin kütləsinin əsas hissəsini (86-96%) təşkil edən molekulyar hidrogen qazının tədqiqi onların malik olduğu enerji mənbəyinin təbiətini müəyyənləşdirməyə və atmosferlərinin təkamülünü dərk etməyə imkan verəcəkdir. Müşahidə materiallarının təhlili bu planetlərin temperaturunun  gözləniləndən  böyük qiymət alması ilə nəticələnib. Bu hal digər müşahidə nəticələrini təsdiqləyir.

Daha sonra “Planetlər və kiçik səma cisimləri” şöbəsinin elmi işçisi Zabit Fərziyev seminar iştirakçılarına müşahidə materiallarının alınması və emalı haqqında ətraflı məlumat verib.

Seminarın sonunda mövzu ətrafında geniş müzakirələr aparılıb və suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.