Şamaxı Astrofizika Rəsədxanasında beynəlxalq elmi seminar keçirilib İyl 31, 2017 | 19:07 / SEMİNARLAR

İyulun 27-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında "İqlim dəyişikləri, hava çirklənməsi elmləri və bu sahələrdə Azərbaycan üçün elmi tədqiqat imkanları" mövzusunda beynəlxalq elmi seminar keçirilib.

Tədbiri Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq seminarın rəsədxana əməkdaşlarının ABŞ-da aparılan elmi tədqiqat metodları ilə yaxından tanışlığı baxımından faydalı olacağını bildirib. Alim vurğulayıb ki, rəsədxanada bu cür elmi seminarların təşkili xarici ölkələrdə fəaliyyət göstərən elmi institutlarla yeni əməkdaşlıq imkanlarına yol açır.

Sonra ABŞ-ın Milli Okean və Atmosfer Administrasiyasının Yer Elmləri Tədqiqatları Laboratoriyasının aparıcı elmi işçisi Rəvan Əhmədov "İqlim dəyişikləri, hava çirklənməsi elmləri və bu sahələrdə Azərbaycan üçün elmi tədqiqat imkanları" mövzusunda məruzə ilə çıxış  edib. Alim əvvəlcə fəaliyyət göstərdiyi Milli Okean və Atmosfer Administrasiyası haqqında seminar iştirakçılarına qısa məlumat verib. Bildirib ki, Merilend ştatında yerləşən bu müəssisə ABŞ-ın nüfuzlu elmi tədqiqat mərkəzlərindən biridir. Federal institut kimi fəaliyyət göstərən mərkəzdə ən müasir metodlarla elmi tədqiqatlar aparılır.

Natiq məruzəsində çalışdığı Yer Elmləri Tədqiqatları Laboratoriyasının iqlim dəyişikliyi və hava çirklənməsi ilə bağlı apardığı tədqiqatlardan, istifadə olunan müasir elmi tədqiqat metodlarından danışıb. Rəvan Əhmədov bu istiqamətdə ABŞ-ın elmi müəssisələrinin təcrübəsinin öyrənilərək Azərbaycanda tətbiqinin zəruriliyini vurğulayıb.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.