Rəsədxananın əməkdaşı Estoniyada elmi ezamiyyətdə olub İyn 27, 2019 | 09:06 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri  fizikası  və  maqnetizm" şöbəsinin elmi işçisi Günay Hacıyeva Avropa Birliyinin Tədqiqat və İnnovasiya Proqramı olan HORİZON 2020 tərəfindən maliyyələşdirilən “Ekstremal Massiv ulduzların Fizikası” adlı, 823734 nömrəli Mariya-Sklodovskaya-Küri qrant layihəsi çərçivəsində Estoniya Respublikasının Tartu Universiteti nəzdindəki Tartu Rəsədxanasında təqribən bir ay müddətində (23.05.2019-cu il tarixdən 19.06.2019-cu il tarixə kimi) elmi ezamiyyətdə olub.

O, HORİZON 2020 layihəsinin Estoniya üzrə koordinatoru Anna Aretin rəhbərliyi altında Linux əməliyyat sistemində spektral müşahidə materiallarının İRAF proqramı vasitəsilə emalını mənimsəyib. Bir tərtibli spektrların emalı mənimsənilib və eşelle spektroqraf vasitəsilə alınmış çoxtərtibli spektrların İRAF proqramı vasitəsi ilə emalına başlamaq nəzərdə tutulub. Ezamiyyət müddətində Tartu rəsədxanasının teleskopunda Volf-Raye tipli WR 134 ulduzunun spektral müşahidələri aparılıb.

H.Günay layihə çərçivəsində “İfratnəhəng ulduzların kimyəvi tərkibi və onların parametrlərinin təyini” və “DECH 20, DECH 20T və DECH 30 proqram paketlərində spektral materialların emalı” mövzularında Tartu rəsədxanasının seminarında çıxış edib. Seminar zamanı aparılan müzakirələr zamanı bizim istifadə etdiyimiz DECH 20, DECH 20T və DECH 30 paket proqramlarının İRAF proqramı ilə müqayisədə bir sıra üstünlüklərinin olması qeyd olunub. Ezamiyyə müddəti ərzində Tartu rəsədxanasında yerinə-yetirilən elmi tədqiqat işləri ilə tanış olub və  rəsədxananın elmi seminarlarında iştirak edib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.