Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib İyn 21, 2019 | 11:06 / ASTRO SEMİNARLAR

İyun ayının 21-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.

Seminarın rəhbəri, f-r.ü.f.d Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında ətraflı məlumat verib.

Daha sonra rəsədxananın “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin aparıcı elmi işçisi, f.-r.ü.f.d. Şirin Hüseynov "Günəş radioşualanmasının zaman sıralarının modelləşdirilməsinin müasir problemləri" mövzusunda məruzə ilə çıxış edib.

Məruzəçi qeyd edib ki, adıçəkilən mövzu üzrə aparılan işdə Günəşin müxtəlif radioastronomik qurğularda alınan müşahidə məlumatlarından istifadə olunub. Alınan məlumatlar, əsasən Günəş atmosferində baş verən qeyri-stasionarlığı əks etdirdiyindən araşdırma dinamik Fraktal tədqiqat üsulunun köməyi ilə aparılıb. Başqa sözlə, Günəşdə yaranan mürəkkəb proseslərin tədqiqində sinergetik yanaşma - dinamik sistemlərin qeyri-xəttiliyi və dissipativliyi nəzərə alınıb. Aşkar edilib ki, fraktal ölçü dərəcəsinin tapılmış qiyməti 1<Dt<1,5 olduqda Günəş radioşüalanması flaktuasiyalarının zaman sıraları davamlı (inersiyalı) zaman sıralarıdır. Müasir dinamik üsul olan Fraktal təhlilin tətbiqi sayəsində Günəşdə mövcud olan proseslərin dinamik parametrlərini təyin etmək mümkündür.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.