AMEA Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin (FRTEB) növbəti iclası keçirilib İyn 20, 2019 | 16:06 / İCLASLAR

20 iyun 2019-cu il tarixində AMEA FRTEB-in növbəti iclası keçirilmişdir. İclasda müzakirə olunan əsas məsələlərdən biri də ŞAR-ın direktoru AMEA-ın müxbir üzvü Namiq Cəlilovun təqdim etdiyi "Azərbaycan Respublikası ərazisində peyk və peykaltı optik müşahidələr əsasında ətraf mühitin məsafədən monitorinqi və nəzarət sisteminin işlənməsi" elmi-tədqiqat Proyekti olub.

Proyektin əsas məqsədinin operativ, dəqiq, genişmiqyaslı və eyni zamanda səmərəli şəkildə ətraf mühitin məsafədən monitorinqi və nəzarət sisteminin yaradılmasından və istifadəsindən ibarət olduğu vurğulanıb. Göstərilib ki, süni peyklərdən alınan kosmik məlumatların əsaslı emalı üçün yer səthində teleskopik və spektrofotometrik ölçmələr aparılmalı, alınan məlumatların təhlili və istifadəsi üçün regional aerokosmik elmi-praktik metododların işlənməsi tələb olunur. Kosmik tədqiqatlar aparıldıqda iki istiqamət: böyük miqyasda fon şəraiti və kiçik miqyasda lokal şərait nəzərə alınmalıdır. Bunun üçün elmi əsasda peykaltı poliqonların seçimi və bu poliqonların səmərəli şəkildə texniki təchizatı təmin edilməlidir. Ölkəmizdə baş aerokosmik poliqon kimi AMEA Şamaxı Astrofizika Rəsəxanası fəaliyyət göstərə bilər. Buna rəsədxananın həm texniki, həm kadr potensialı, həm də iş təcrübəsi imkan verir. Yerüstü spektrofotometrik ölçmələr və peyk məlumatları lokal ərazinin dinamik optik modelini qurmağa imkan verəcəkdir. Bu modellər bir-çox praktik diaqnostik məqsədlər üçün tətbiq oluna bilərlər. Yaradılacaq aerokosmik məlumatlar bazası və kosmik monitorinq sistemi milli informasiya infrastrukturunun tərkib hissəsi olmalıdır.

İclasda qeyd edilib ki, hazırda əksər ölkələr UNESCO-nun eqidası altında təşkil olunmuş nüfuzlu beynəlxalq AERONET (AErosolROboticNET-work) peykaltı proqrama qoşulub. Bu proqram fasiləsiz olaraq eyni zamanda müxtəlif peyklərdən və dünyanın müxtəlif peykaltı AERONET şəbəkəsindən spektrofotometrik məlumatlar almağa imkan verir. Olkəmizin bu proqrama qoşulması aktual məsələ olaraq qalır.

Təqdim olunan Proyekt geniş diskussiyaya səbəb olub. Müzakirələrdə və verilən texniki sualların cavablandırılmasında Ekologiya İnstitutunun “Atmosferin optik monitorinqi” şöbəsinin müdiri, dosent, f.e.n. Fazil İsmayılov aktiv iştirak edib. Yekun qərarda Proyekt dəstəklənib və onun icrasına bir-çox digər İnstitutların da qatılması tövsiyə edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.