Rəsədxananın əməkdaşı Estoniyada ezamiyyətdə olub May 31, 2019 | 16:05 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şmaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Ulduz atmosferləri  fizikası  və  maqnetizm" şöbəsinin elmi işçisi Aynur Abdulkərimova Estoniya Respublikasının Tartu Universiteti nəzdindəki Tartu Rəsədxanasında ezamiyyətdə olub.

Ezamiyyətdə olduğu müddət ərzində Aynur Abdulkərimova Linux əməliyyat sistemində işləməyi öyrənib. O, Tartu Rəsədxanasında spektral müşahidə materialların IRAF proqramı ilə emalını mənimsəyib. Bir tərtibli spektrlərin emalını tamamilə mənimsəyən A.Abdulkərimova eşelle spektroqraf vasitəsilə alınmış çoxtərtibli spektrlərin IRAF proqramı vasitəsi ilə emalına başlayıb.

Elmi səfər zamanı HORİZON 2020 Proqramının Estoniya üzrə koordinatoru Anna Aret ilə DECH20T proqram paketi ilə spektral materialların emalını, həmçinin DECH20T və IRAF proqram paketlərinin fərqi və üstün tərəflərini və gələcəkdə Şamaxı Astrofizika Rəsədxanasında hər iki üsulun istifadə olunması məsələləri müzakirə edilib.

Aynur Abdulkərimova Tartu rəsədxanasının teleskopunda Volf-Raye tipli WR 134 ulduzunun spektral müşahidələrini aparmıb və alınmış spektrləri emal etməyə başlayıb.

Əməkdaşımız Tartu Rəsədxanasının elmi seminarlarında iştirak edib, Şamaxı Astrofizika Rəsadxanasının tarixi, əsas elmi elmi istiqamətləri, əməkdaşlıqları və gördüyü işlər haqqında seminarlarda çıxış edib.

Qeyd edək ki, ezamiyyə xərcləri “Ekstremal Massiv ulduzların Fizikası” adlı, 823734 nömrəli Mariya-Sklodovskaya-Küri qrant layihəsi çərçivəsində Avropa Birliyinin Tədqiqat və İnnovasiya Proqramı - HORİZON 2020 tərəfindən maliyyələşdirililib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.