Əyyub Quliyev - 65 May 31, 2019 | 14:05 / RƏSƏDXANA XƏBƏRLƏRİ

İyunun ayının 1-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) baş elmi işçisi, Beynəlxalq Astronomiya İttifaqı, Avropa və Avrasiya Astronomiya cəmiyyətlərinin üzvü, AMEA-nın müxbir üzvü Əyyub Quliyevin 65 yaşı tamam olur.

Quliyev Əyyub Salah oğlu 1 iyun 1954-cü ildə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olub. O, 1975-ci ildə Azərbaycan Dövlət Universitetinin (indiki Bakı Dövlət Universiteti) Tətbiqi riyaziyyat fakultəsini bitirib. O, 1978-1980-ci illərdə Kiyev Dövlət Universitetinin aspiranturasında təhsil alıb.

Əyyub Quliyev 1982-ci ildə Ukraynanın Kiyev şəhərindəki Baş Astronomiya Rəsədxanasında "Böyük planetlərin komet ailələrinin xüsusiyyətləri" mövzusunda namizədlik, 1993-cü ildə "Periodik, aralıq və uzunperiodlu kometlərin kosmoqonik xarakterisikaları" mövzusunda doktorluq işini müdafiə edib. O, 2001-ci ildə AMEA-nın müxbir üzvü seçilib, 2012-ci ildə isə professor elmi adını alıb.

Hazırda ŞAR-ın baş elmi işçisi kimi fəaliyyətini davam etdirən Əyyub Quliyev 1997-2015-ci illərdə Şamaxı Astrofizika Rəsədxanasının direktoru olub, həmçinin AMEA-nın Fizika-Riyaziyyat və Texnika Elmləri Bölməsinin akademik-katibinin müavini vəzifəsində çalışıb.

1998-ci ildə onun rəhbərliyi altında ŞAR-ın 2 m-lik teleskopu yenidən işə salınıb, sonralar həmin teleskopun idarəetmə sistemi modernləşdirilib, həmçinin rəsədxanada alüminiumlaşdırıcı qurğu işə salınıb, bütövlükdə onun maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib.

Alimin əsas elmi nailiyyətləri komet sistemində effektlərin aşkar olunması, kometlərin parçalanması üzrə yeni nəzəriyyə, o cümlədən hiperbolik komet və meteorların əmələ gəlməsi konsepsiyası və naməlum planetlər konsepsiyasıdır.

Görkəmli astrofizik 168 elmi məqalənin (xaricdə çıxmış elmi əsərlərinin sayı 86, beynəlxalq bazalarda referatlaşdırılan və indeksləşdirilən jurnallarda çap olunan məqalələrin sayı 78), o cümlədən , 3 monoqrafiyanın müəllifidir. Onun rəhbərliyi altında bu günədək 7 fəlsəfə doktoru hazırlanıb.

Əyyub Quliyev Beynəlxalq Astronomiya İttifaqının, Avropa və Avrasiya Astronomiya cəmiyyətlərinin üzvüdür. 

1999-cu ildə ABŞ-ın Lovell Rəsədxanasının aşkar etdiyi yeni kiçik planet Əyyub Quliyevin şərəfinə adlandırılıb və müvafiq astronomik kataloqlarda həmin kiçik planet "ayyubguliev" adı və 18749 nömrəsi altında qeydiyyatdan keçib. Eləcə də, onun təşəbbüsü və vəsatəti ilə daha üç kiçik planetə Nizami Gəncəvi, Nəsirəddin Tusi və Hüseyn Cavid adı verilib.

Əyyub Quliyev 2011-ci ildə Beynəlxalq Sokrat mükafatına layiq görülüb.

Əməkdaşımızı 65 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi fəaliyyətində yeni nailiyyətlər, tükənməz yaradıcılıq enerjisi arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.