Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib May 29, 2019 | 15:05 / ASTRO SEMİNARLAR

May ayının 29-da AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında növbəti astroseminar keçirilib.

Seminarın rəhbəri, f-r.ü.f.d Bayram Rüstəmov seminarı giriş sözü ilə açaraq, tədbir iştirakçılarına məruzənin mövzusu haqqında ətraflı məlumat verib.

Daha sonra rəsədxananın “İnformasiya və Kommunikasiya Texnologiyaları və təşkilat” şöbəsinin müdiri Kamal Hüseynov "Planet sisteminin xarici sərhəddində kiçik cisimlərin akkumulyasiyası"  mövzusunda məruzəsini təqdim edib.

Məruzəçi planet sisteminin xarici sərhəddində kiçik cisimlərin akkumulyasiyası ilə əlaqədar indiyə kimi aşkar edilmiş elmi məlumatlar barədə seminar iştirakçılarına geniş məlumat verib. O qeyd edib ki, toz subdiskində sürüşmə turbulentliyi yaranır, hansı ki, müəyyən şərtlər daxilində bütün toz subdiskinə yayıla bilər və onun sıxlığının dayanıqsızlığın yaranması üçün zəruri olan kritik sıxlığa qədər artmasına mane ola bilər.  Lakin cisimlərin ölçüləri 5-10 metrə çatan zaman onların sürətinə turbulent təsir zəifləyir, cisimlər orta müstəviyə enirlər və subdiskin sıxlığı kritik qiymətə qədər artır. Bu isə diskdə cazibə dayanıqsızlığına gətirir.

Nəticə olaraq ölçüləri  200 km-ə çatan cisimlərin  Koyper zolağında peyda olmasının  mümkün olan iki üsulunun mövcudluğu qeyd edilib. Belə ki, bu cisimlər ya biləvasitə zolağda böyüyüblər, ya da Neptunla (eləcə də Uranla) onun zonasından atılıblar. Bu üsullardan hansının daha effektiv olması sual olaraq qalsa da, ehtimal ki, hər iki üsul zolağda cisimlərin əmələgəlməsində rol oynayıb.

Məruzə tədbir iştirakçıları tərəfindən maraqla qarşılanıb, mövzu ətrafında müzakirələr aparılıb, suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.