ŞAR əməkdaşları Naxçıvanda ezamiyyətdə olublar May 14, 2019 | 10:05 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) əməkdaşları – professor Nəriman İsmayılov və baş layihə mühəndisi Nəriman Gülmalıyev 8-12 may tarixlərində Naxçıvanda ezamiyyətdə olublar.

Ezamiyyətin əsas məqsədi Batabat rəsədxanasındakı 60 sm-lik teleskopun hazırkı vəziyyətini yoxlamaq və Ağdərə rəsədxanası ilə tanış olub, gələcəkdə oradan daha səmərəli istifadə imkanlarını qiymətləndirmək olub.

Qeyd edək ki, hazırki dövrdə AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası ətrafında süni işıq mənbələrinin kəskin artmasını və səmanın təbii fonunun korlanmasını nəzərə alaraq daha əlverişli astroiqlimi olan məntəqələrdən istifadə etmək zərurəti yaranıb.

Batabat rəsədxanasında 60 sm-lik teleskopa baxış keçirilib, teleskopun detalları, iş prosesi və aparma sistemi yoxlanılıb. Batabat rəsədxanasının rəhbərliyi ilə bu teleskopun çatışmayan cəhətlərinin aradan qaldırılması və gələcəkdə sistematik fotometrik müşahidələrin aparılması müzakirə edilib.

Əməkdaşlarımız ezamiyyət müddətində AMEA-nın Naxçıvan böməsində də olublar. Orada təşkil edilən bölmənin birləşmiş seminarında ŞAR-ın "Qalaktikalar və ulduzəmələgəlmə prosesləri" şöbəsinin müdiri, professor  Nəriman İsmayılov “Cavan ulduzların müşahidəsində aktual problemlər” mövzusunda məruzə ilə çıxış edib. Məruzə seminar iştirakçıları tərəfindən maraqla qarşılanıb.

Daha sonra ŞAR əməkdaşları dəniz səviyyəsindən 2000 m-dən çox yüksəklikdə yerləşən Ağdərə rəsədxanasında olublar. Oradakı teleskopların hazırkı vəziyyəti, məntəqənin coğrafi mövqeyi və hava şəraiti qiymətləndirilib. Ağdərə rəsədxanası hələ sovet dönəmində öz astroiqlim şəraiti ilə məşhur idi. Əməkdaşlarımız gələcəkdə bu məntəqənin çox unikal bir astroiqlim şəraiti olan rəsədxana kimi istifadə olunmasının mümkünlüyü müəyyən ediblər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.