Rəsədxana əməkdaşlarının məqaləsi nüfuzlu impakt faktorlu jurnalda dərc edilib May 06, 2019 | 12:05 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları professor Nəriman İsmayılov və elmi işçi Şəfəq İsmayılovanın həmmüəllifi olduğu elmi məqalə yüksək reytinqli elmi jurnalda dərc edilib.

Məqalə, Londonda Kral Astronomiya Cəmiyyətinin aylıq Astronomiya jurnalının (Impact Factor 5.194) 2019-cu il üçün (Volume 485, Issue 3) buraxılışında nəşr edilib.

 

https://doi.org/10.1093/mnras/stz646

“High-velocity absorption and emission in the spectrum of supergiant HD 199478” başlıqlı məqalə 2011-2015-ci ilərdə isti ifratnəhəng HD 199478 ulduzunun AMEA ŞAR-da aparılmış spektral tədqiqinin nəticələrini şərh edir.

Məqalədə ilk dəfə göstərilmişdir ki, parlaq ifratnəhəng ulduz olan HD199478 ulduzunda bundan əvvəl hidrogenin Hα xəttində tapılan yüksək sürətli maddə atılması hadisəsi həm də ulduz atmosferinin daha dərin qatlarında, Hβ xəttinin yarandığı səviyyədə aşkar olunur. Bu qeyri-adi maddə axını 500 km/s sürətə malikdir. Tədqiqatlar göstərdi ki, belə yüksək sürətlə atılan maddə atmosferin daha yuxarı qatlarında toplanaraq disk formasında ulduz ətrafında toplanmasına səbəb olur. Lakin belə disk tədricən maddə itirərək seyrəkləşir və tamam yox olur. Daha sonra proses yenidən təkrar oluna bilir. Belə kvazi-periodik prosesin baş verməsinin xarakterik vaxtı müəlliflər tərəfindən 22±2 gün kimi təyin olunmuşdur. Göstərilmişdir ki, parlaq ifratnəhəng ulduzların atmosferində belə aktivlik ciddi periodik deyil. Maddənin yüksək sürətlə atılmasından prosesin sonuna qədər 60-100 gün vaxt keçə bilər.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.