Kosmik hava durumu və proqnozu May 02, 2019 | 09:05 / KOSMİK HAVA

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) aşkarlanmamışdır. Hesabat dövründə alışma olmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində orta səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrləri mənfi qütblü CH HSS effektinin izlərini biruzə vermişdir. Belə ki, ümumi maqnit sahəsi 01 may/11.00 UTC-dən etibarən artmağa başlamış, 01 may/19.07 UTC-də özünün 11 nT-ya bərabər maksimum qiymətinə çatmışdır. Bz komponenti isə  +6/-10 nT intervalında qiymət almışdır. Günəş küləyinin sürəti 01 may/12.50 UTC-dən etibarən artmağa başlamış, 01 may/21.00 UTC-də 522 km/san-yə bərabər maksimal qiymət qeydə alınmışdır. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olsa da, fasilələrdə kiçik həyəcanlaşmalar qeydə alınmışdır (Kp=4).

Kosmik hava proqnozu – İlk proqnoz günü (02 may) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq. 03, 04 may tarixlərində isə 2738 (N06, L=301) fəallıq oblastının hesabına C sinfindən alışma olacağı istisna edilmir.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə ilk gün (02 may) orta səviyyədə qalacağı gözlənilir. Növbəti iki gün isə (03, 04 may) selin mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına yüksələcəyi ehtimal olunur. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (02 - 04 may) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk gün (02 may) CH HSS təsirinin qalacağı, qalan iki proqnoz günü isə (03, 04 may) getdikcə zəifləyəcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə ilk gün (02 may) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=3), lakin fasilələrlə kiçik həyəcanlaşmaların meydana gələcəyi də istisna edilmir. 03, 04 may tarixlərində geomaqnit sahədə tam sakit şərait (Kp=2,3) proqnozlaşdırılır. Maqnit qasırğasının yaranması ehtimalı 02 mayda 10%-dən, 03 mayda 5%-dən, 04 mayda isə 1%-dən aşağı qiymətləndirilir.

Qeyd: 30 aprel tarixində üç CME – Tac kütlə atılması hadisəsi baş vermişdir. Aşağıdakı şəkillərdə STEREO Ahead EUVI 195 tərəfindən qeydə alınmış iki CME və STEREO Ahead COR2 tərəfindən üçünün arasında ən böyüyünün təsviri verilmişdir. Qeyd etmək lazımdır ki,  hazırda hər üç CME geoeffektiv olmadığından Yer üçün təhlükəli deyil. Lakin fəallıq oblastı növbəti iki həftə parçalanmadan qalarsa, Yerə doğru yönələcək. Bu isə geomaqnit sahənin maqnit fəallığına mənfi təsirini göstərəcək.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.