Kosmik hava durumu və proqnozu Apr 25, 2019 | 14:04 / KOSMİK HAVA

Kosmik hava durumu – Günəş fəallığı çox aşağı səviyyədə olmuşdur. Əldə olunan peyk görüntülərində Yerə doğru yönələn CME (Coronal Mass Ejections – Tac Kütlə Atılmaları) aşkarlanmamışdır. Hesabat dövründə alışma olmamışdır.

2 MeV-dən çox enerjili elektron seli hesabat dövrü ərzində orta səviyyədə olmuşdur. 10 MeV-dən çox enerjili proton seli bütün hesabat dövrü ərzində fon səviyyəsində stabil qalmışdır.

Hesabat dövründə Günəş küləyi parametrləri fon səviyyəsində olmuşdur. Günəş küləyinin sürəti 360 - 430 km/san intervalında dəyişmişdir. Ümumi maqnit sahəsi ortalama 3-6 nT olmuşdur, Bz komponenti +3 / -4 nT intervalında qiymət almışdır. azacıq dəyişikliyə məruz qalmışdır. Phi bucağı əsasən mənfi sektorda qərarlaşmışdır.

Geomaqnit sahə, son 24 saat ərzində ümumən çox sakit olmuşdur.

Kosmik hava proqnozu – Proqnoz günlərində (25 - 27 aprel) Günəş fəallığı çox aşağı səviyyədə qalacaq.

2 MeV-dən çox enerjili elektron selinin proqnoz dövründə ilk gün (25 aprel) orta səviyyədə qalacağı gözlənilir. Növbəti iki gün isə (26, 27 aprel) selin mənfi qütblülüyə malik CH HSS (Coronal Hole High Speed Streams – Tac dəliyindən çıxan yüksək sürətli axınlar) effekti hesabına yüksələcəyi ehtimal olunur. 10 MeV-dən çox enerjili proton selinin proqnoz dövründə (25 - 27 aprel) fon səviyyələrində davam etməsi gözlənilir.

Proqnoz dövründə ilk gün (25 aprel) CH HSS mənfi qtüblülüyün geoeffektiv olması gözlənildiyindən Günəş küləyi parametrlərində də güclənmə müşahidə olunacaq. STEREO A məlumatları əsasında Günəş küləyinin sürətinin artaraq 500 -600 km/san aralığında dəyişəcəyini proqnozlaşdırmaq mümkündür. Növbəti iki proqnoz günü isə (26, 27 aprel) CH HSS-in mənfi qütblülüyünün təsirinin getdikcə zəifləyəcəyi proqnozlaşdırılır.

Proqnoz dövründə (25 - 27 aprel) geomaqnit sahədə ümumi sakitlik proqnozlaşdırılır (Kp=2-3), lakin 25, 26 aprel tarixlərində bəzi vaxtlarda zəif həyəcanlaşmalar ola biləcəyi istisna edilmir (Kp=4). Maqnit qasırğasının yaranması ehtimalı 25 apreldə 10%-dən, 26 apreldə 5%-dən, 27 apreldə isə 1%-dən aşağı qiymətləndirilir. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.