Qara dəliyin şəklini çəkmək mümkün olub Apr 15, 2019 | 09:04 / ASTRO XƏBƏRLƏR

Ulduzların müasir təkamül nəzəriyyəsinə görə massiv ulduzlar təkamülün son mərhələsində qara dəliklərə çevrilirlər. Qara dəliklər müasir astrofizikanın ən ekzotik obyektlərindən biridir. Belə obyektlərin mövcudluğunun mümkünlüyü haqqında fikirlər hələ təqribən 100 il əvvəl alman astronomu K.Şvarsşild tərəfindən irəli sürülmüşdür. O, fırlanmayan sferik-simmetrik qravitasiya sahəsi üçün Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin tənliklərini həll  edərək massiv ulduzun öz qravitasiyasının təsiri altında qara dəliyə çevrilə bilməsi nəticəsinə gəlmişdir. Qara dəliyin qravitasiyası o qədər güclüdür ki, hətta işıq bu obyekti tərk edə bilmir, başqa sözlə desək qara dəlik üçün parabolik sürət işıq sürətindən böyükdür. Parabolik sürətin düsturunda sürəti işıq sürəti ilə əvəz etsək radius üçün aşağıdakı düsturu alarıq: 

rg=2GM/c2 

Bu radius Şvarsşild radiusu adlanır. Burada G – qravitasiya sabiti, c – işığın sürəti, M isə kütlədir. Günəşin və Yerin kütlələrini bu düsturda yerinə qoyaraq onlar üçün Şvarsşild radiusunun uyğun olaraq 2.95 km və 8.87 mm olduğunu alarıq. Bu o deməkdir ki, Günəş və Yer bu ölçüyə qədər sıxılsa qara dəliyə çevrilməlidir.

Astronomlar demək olar ki, uzun müddətdir ki, qara dəliklərin Kainatda həqiqətən mövcud olması və onların müşühidəsinin mümkünlüyü barədə düşünmüş və bu problemin həlli istiqamətində tədqiqatlar aparmışlar. Sevindirici haldır ki, bu problemin həlli istiqamətində ən ciddi fikirlərdən biri ŞAR əməkdaşı, nəzəri astrofizik O.Hüseynov və onun elmi rəhbəri akademik Y.Zeldoviç tərəfindən keçən əsrin 60-cı illərində söyənilmişdir. Onların fikrincə qara dəlikləri bir komponenti qara dəlik digər komponenti isə adi ulduz olan qoşa sistemlərdə axtarmaq daha münasibdir və mümkündür. Bu sistemlərdə adi ulduzdan qara dəliyə maddə axını intensiv rentgen şüalanmasına səbəb olmalıdır. Çox çəkmədi ki, kosmik eksperimentlər vasitəsi ilə çoxlu sayda güclü rentgen mənbələri aşkarlandı. Hal-hazırda xeyli obyekt məlumdur ki, onlar bir komponenti qara dəlik olan qoşa sistem hesab olunur. Bu obyektlər bir vaxtlar O.Hüseynovun və Y.Zeldoviçin dediyi obyektlərdir.

Müasir təsəvvürlərə görə qara dəliklərin, daha dəqiq desək supermassiv qara dəliklərin mövcud olduğu digər yer fəal qalaktikaların mərkəzi ola bilər. Artıq bu istiqamətdə uzun illərdir ki elmi-tədqiqat işləri aparılır. Nəhayət bu ilin aprel ayının 10-da Event Horizon Telescope beynəlxalq qrupun astrofizikləri 53.5 milyon işıq ili məsafəsində Virgo qalaktikalar topasına aid olan nəhəng M 87 elliptik qalaktikasının mərkəzində yarləşən, kütləsi 6.5 milyard Günəş kütləsi olan supermassiv qara dəliyin və onun “kölgəsinin” (qara dəliyi əhatə edən işıqlı ərazinin) şəklini nümayiş etdirdilər (Şəkil 1).

                                                               black hole

Şəkil 1. Event Horizon Telescope proqramı çərçivəsində M 87 qalaktikasının mərkəzində yerləşən qara dəliyin və onun “kölgəsinin” (qara dəliyi əhatə edən işıqlı ərazi) şəkli.

Bu məsafədən qara dəliyin şəklinin alınması Ayın səthində noxudun şəklinin alınması kimidir. Bu çəkiliş Event Horizon Telescope proqramı çərçivəsində Yer kürəsinin 8 məntəqəsində (Havay adaları, Arizona ştatı, İspaniya, Meksika, Çili və Cənub qütbü) yerləşən və faktiki olaraq bir teleskop kimi fəaliyyət göstərən radioteleskopların köməyi ilə həyata keçirilmişdir (Şəkil 2). Bu nailiyyət A.Eynşteynin ümumi nisbilik nəzəriyyəsinin növbəti nailiyyətidir və eksperimental sübutudur. Astrofiziki tədqiqatlarda yeni bir eranın başlanğıcıdır. 

                                                              teleskoplar

Şəkil 2. Event Horizon Telescope proqramı çərçivəsində qara dəliyin şəklinin çəkilişində iştirak edən radioteleskoplar

 

                                                              chandra

Şəkil 3. CHANDRA rentgen teleskopu ilə çəkilmiş M 87 qalaktikasının mərkəzi hissəsinin şəkli. Bu şəkildə Işıq sürətinə yaxın sürətlə hərəkət edən və qalaktikanın nüvəsindən 1000 işıq ili məsafəsinə qədər uzanan cet (axın) aşkar şəkildə görünür.

https://www.youtube.com/watch?v=nqaFzMyiZmw&t=2497s  

https://www.youtube.com/watch?v=wSXb81HaGyo

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.