Əməkdaşımız Elçin Babayev BDU-ya rektor vəzifəsinə təyin edilib Mart 13, 2019 | 17:03 / MÜHÜM HADİSƏLƏR

AMEA N.Tusi adına Şamaxı Rəsədxanasının (ŞAR) elmi işlər üzrə direktor müavini, “Kosmik plazma və Heliogeofiziki problemlər” şöbəsinin rəhbəri Elçin Səfəralı oğlu Babayev Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamına əsasən 11 mart 2019-cu il tarixindən Bakı Dövlət Universitetinin (BDU) rektoru vəzifəsinə təyin edilib.

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının bütün kollektivi Elçin Babayevi bu münasibətlə təbrik edir və ona fəaliyyətinin yeni sahəsində uğurlar diləyir.

Elçin Babayev görkəmli alimlərimizdən olub, Günəş fizikası və Günəş-Yer əlaqələri və kosmik hava variasiyalarının geosferə təsirinin tədqiqi üzrə tanınmış mütəxəssidir. Onun bu sahədəki elmi-tədqiqat işləri çoxşaxəlidir. Nəzəri istiqamətdə apardığı tədqiqatlar əsasən Helioseysmologiya və Günəş atmosferində rəqslər və dalğalar modelinin qurulmasına həsr olunmuş və bu istiqamətdə bir sıra işlər yerinə yetirilməklə ciddi elmi nəticələr alınmışdır. Elçin Babayevin hazırkı elmi fəaliyyəti Günəş, geomaqnit və kosmik şüalar fəallığının yerüstü bioloji sistemlərə təsiri üzrə kompleks tədqiqatlardan ibarətdir. Elçin Babayev tərəfindən alınan yüksək elmi nəticələr əsasında Azərbaycanda Heliobiologiya və Heliotibb kimi yeni elmi istiqamətlər yaradılmış və kəsişən elm sahələri (astronomiya, elektrofizika, geofizika, ionosfer fizikası, tibb, biologiya, zoologiya və s.) üzrə fundamental və tətbiqi əhəmiyyətli işlərin əsası qoyulmuşdur.

Günəş-Yer əlaqələrinin öyrənilməsi və kosmik hava variasiyalarının texnoloji və ekoloji sistemlərə təsirinin öyrənilməsi üzrə İsrail, ABŞ, Yunanıstan, Bolqarıstan, Belçika, Ukrayna, Rusiya, İngiltərə, Slovakiya və digər ölkələrin alimləri ilə aparılmış elmi-tədqiqat işləri nəticəsində mühüm və yeni nəticələr alınmış, xaricdə nüfuzlu jurnallarda onlarla məqalələr dərc olunmuş, bu işlərə onlarla istinadlar verilmiş, nəticələr 50-dən yuxarı beynəlxalq konfrans, simpozium və seminarlarda şifahi məruzə edilmişdir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.