Özbəkistanlı qonaqlar Şamaxı Astrofizika Rəsədxanada olublar İyl 12, 2017 | 16:07 / MÜHÜM HADİSƏLƏR

İyulun 12-də Azərbaycan Respublikası Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlının və Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin müşayiəti ilə Azərbaycanda səfərdə olan Özbəkistan Respublikası Nazirlər Kabineti yanında Dini Məsələlər üzrə Dövlət Komitəsinin sədri Artukbek Yusupov və Özbəkistan Müsəlmanları İdarəsinin sədri, müfti Usmonxon Alimov N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olublar.

Rəsədxananın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və fizika üzrə fəlsəfə doktoru Ədalət Ətayi qonaqlara Rəsədxananın tarixi, fəaliyyət istiqamətləri, teleskopları və hal-hazırda yerinə yetirilən elmi-tədqiqat işləri barəsində geniş məlumat veriblər.

Qeyd olunub ki, elmi tədqiqatlar əsasən “Səma cisimlərinin dinamikası və fizikası” istiqamətinə daxil olan iki problem - ulduz və dumanlıqlarda baş verən fiziki dəyişkənliklərin kompleks tədqiqi və Günəş fizikası, Günəş sistemi cisimlərinin fizika və dinamikası üzrə aparılır. Bunlardan başqa, rəsədxanada nəzəri astrofizika, kosmologiya, radioastronomiya, yüksəktezlikli radio siqnallarının ionosfer ssintilyasiyaları və onların müxtəlif kosmik hava faktorlarından asılılığı, astronomiyanın tarixi və sair üzrə də araşdırmalar reallaşdırılır.

Qonaqları maraqlandıran suallar cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.