Sabir Məmmədov-85 Fev 15, 2019 | 15:02 / RƏSƏDXANA XƏBƏRLƏRİ

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının baş elmi işçisi, fizika-riyaziyyat elmləri doktoru Sabir Məmmədovun anadan olmasının 85-ci ili tamam olur.

Sabir Məmmədov 10 fevral 1934-cü ildə Gürcüstan Respublikası Marneuli rayonunun Kirəc-Muğanlı kəndində anadan olmuşdur. 1951-ci ildə  orta məktəbi  bitirərək, elə həmin ildə də, Bakı Dövlət Universitetinin fizika-riyaziyyat fakültəsinin “Fizika” bölməsinə daxil olmuşdur. 1956-cı ildə Universiteti bitirdikdən sonra Şamaxı Astrofizika Rəsədxanasında elmi işçi olaraq əmək fəaliyyətinə başlamışdır.

S. Məmmədov 1959-cu ildə Sankt-Peterburq şəhərində Pulkovo Rəsədxanasının nəzdində aspiranturaya daxil olmuşdur. O, 1962- ci ildə SSRİ Elmlər Akademiyasının müxbir üzvu professor V.A. Kratın rəhbərliyi altında “Zəif xromosfer alışmaları” mövusunda namizədlik dissertasiyası müdafiə edərək, fizika-riyaziyyat elmləri namizədi elmi dərəcəsini almışdır. 2008-ci ildə S.Məmmədov “Günəş atmosferində dinamik proseslər” mövzu­sun­da doktorluq dissertasiyasını müdafiə etmişdir.

Onun elmi fəaliyyətinin əsasını Günəş atmosferində baş verən aktiv və dinamik fiziki proseslərin tədqiqi təşkil edir. S.Məmmədovun indiyədək yerli və xarici jurnallarda 80-dən artıq elmi məqalələsi dərc edilmişdir.

Alimi 85 illik yubileyi münasibətilə təbrik edir, ona möhkəm cansağlığı, elmi fəa­liy­­­yətində yeni nailiyyətlər, tükənməz yaradıcılıq enerjisi arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.