Əməkdaşımız AMEA Riyaziyyat və Mexanika İnstitutunda elmi məruzə edib Yan 17, 2019 | 13:01 / SEMİNARLAR

16 yanvar 2019-cu il tarixində AMEA Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) “Kosmik plazma və heliogeofiziki problemlər” şöbəsinin elmi işçisi, f-r.ü.f.d, dosent MirNamik Bəşirov AMEA Riyaziyyat və Mexanika İnstitutunda astrofiziki məsələlərin həllində qarşıya çıxmış bəzi riyazi problemlərin təqdimatı ilə bağlı olan elmi seminarda “Anizotrop Günəş küləyi modeli üçün maqnithidrodinamik köçürmə tənlikləri və həlli problemləri” mövzusunda məruzə ilə çıxış edib. AMEA Riyaziyyat və Mexanika İnstitutu ilə birgə təşkil edilmiş seminarda Günəş küləyinin yaranması və xassələrinin öyrənilməsinin aktuallığından danışılıb, Günəş tacında anizotropluğu təmin edən faktorlar baza tənliklərinin əsasında təyin olunmuş ifadələr müzakirə edilib.

Məruzəçi Günəş küləyinin sürətinin plazmada səs sürətindən kiçik olan haldan böyük olan hala keçid nöqtəsi ( Max nöqtəsi-eyni zamanda sinqulyar nöqtə) üçün tapılan həlli və həllin inteqral sabitlərindən birinin qiymət və işarəsinin tapılmasında rolunu vurğulayıb, Günəş küləyi parametrlərinin bu nöqtə ətrafında paylanmasının da tədqiq olunduğunu qeyd edib.

Seminarda ŞAR-ın əməkdaşları M.Pirquliyev və R.İsmayıllı iştirak ediblər.

Seminarda qoyulan məsələnin həllində birgə əməkdaşlığın səmərəli olacağı bildirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.