Şamaxı Astrofizika Rəsədxanasının fəaliyyəti barədə illik hesabat dinlənilib Dek 19, 2018 | 16:12 / İCLASLAR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) Elmi Şurasının növbəti iclası keçirilib.

Rəsədxananın 2018-ci ildəki elmi və elmi-təşkilati fəaliyyətinin yekunlarına həsr olunmuş hesabat xarakterli tədbirdə Elmi Şuranın üzvləri və şöbə əməkdaşları iştirak ediblər.

Tədbiri giriş sözü ilə açan Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov il ərzində görülən elmi və elmi təşkilati işlər barədə məlumat verib. Direktor bildirib ki, hesabat ilində elmi müəssisənin əməkdaşları tərəfindən 44 məqalə (onlardan 31-i xaricdə) çap olunub. Əməkdaşların impakt faktorlu jurnallarda 2 məqaləsi dərc edilib, onların əsərlərinə 61 istinad olunub və o cümlədən, 2 monoqrafiya1 kitab çapdan çıxıb.

N.Cəlilov vurğulayıb ki, hesabat ilində “Azərbaycan Astronomiya Jurnalı” beynəlxalq standartlara uyğunlaşdırılıb və ingilis dilində (AAJ,Vol.12,№1,№2) çap olunaraq beynəlxalq astronomiya mərkəzlərinə və digər elmi müəssisələrə göndərilib.

Hesabat dövründə ŞAR-ın əməkdaşları 30-dan çox xarici ölkə ilə elmi əməkdaşlıq edib və beynəlxalq elmi konfransların iştirakçısı olublar. İl ərzində rəsədxanada bir neçə nüfuzlu elmi təşkilatın iştirakı ilə elmi tədbirlər keçirilib.

Hesabat ilində başlanılmış elmi-tədqiqat işlərinin əhəmiyyətini vurğulayan Namiq Cəlilov, bu istiqamətdə görülən işlərin növbəti ildə də davam etdirilməsindən danışıb.

Tədbirin sonunda Namiq Cəlilov hesabatla bağlı sualları cavablandırıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.