Rəsədxananın əməkdaşları ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər Dek 12, 2018 | 17:12 / MÜHÜM HADİSƏLƏR

Dekabrın 12-də AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının əməkdaşları müasir müstəqil dövlətimizin memarı və qurucusu, dünya şöhrətli siyasi xadim, xalqımızın ümummilli lideri Heydər Əliyevin vəfatının 15-ci ildönümü ilə əlaqədar Fəxri Xiyabana gələrək, ulu öndərin məzarını ziyarət ediblər.

Rəsədxananın rəhbərliyi, eləcə də digər əməkdaşlar dahi lider Heydər Əliyevin unudulmaz xatirəsinə bəslədikləri dərin hörmət və ehtiramın ifadəsi olaraq ulu öndərin məzarı üzərinə gül dəstələri qoyub, onun ruhu qarşısında baş əyiblər.

1993-cü ilin yayında, müstəqilliyini yenicə bərpa etmiş Azərbaycanın taleyinin Tanrının ümidinə qaldığı bir vaxtda xalq özünün və ölkənin gələcəyini Heydər Əliyevə etibar etdi. Bu, böyük Qayıdış idi və Ulu Öndər müdrikliyi, zəngin siyasi və dövlətçilik təcrübəsi, sarsılmaz qətiyyəti, yenilməz iradəsi sayəsində ölkəni, xalqı, gənc müstəqil dövləti labüd fəlakətlərdən qurtardı. Qədirbilən Azərbaycan xalqı dahi oğlunun bu əvəzsiz xidmətlərini heç vaxt unutmur.

Azərbaycan dövlətçiliyinin xilaskarı, türk dünyasının böyük oğlu Heydər Əliyevin vəfatından ötən illər ərzində görkəmli şəxsiyyətin, əbədiyaşar Prezidentimizin məzarı xalqımızın müqəddəs ziyarətgahına, gənclərin and yerinə çevrilib. Bütün il boyu insanlar buraya gəlir, xalqımızı, Azərbaycanı dünyaya tanıdan, özü də dünyanın görkəmli şəxsiyyətlərindən biri kimi tanınan böyük azərbaycanlının xatirəsinə ehtiramlarını ifadə edirlər.

İstedadlı insanlar, böyük şəxsiyyətlər üçün zaman və məkan məhdudiyyəti yoxdur. Onlar heç bir zamana və məkana sığmırlar. Bu, əsrlərin sınağından çıxan və öz təsdiqini tapan həqiqətdir. Zaman bu həqiqəti də təsdiq edir ki, dünyanın tarixi böyük şəxsiyyətlərin mənalı ömür yoludur. Bu mənada Heydər Əliyevin ömür yolu müasir Azərbaycanın tarixidir. Elə bu səbəbdən də bu ömür yolu hər zaman yaddaşlarda yaşayacaq.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.