Şamaxı Astrofizika Rəsədxanası “Web of Science Azerbaijan-2018” mükafatına layiq görülüb Dek 05, 2018 | 12:12 / MÜHÜM HADİSƏLƏR

Dekabrın 5-də Təhsil Nazirliyi, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu və “Clarivate Analytics” şirkətinin birgə təşkilatçılığı ilə tədbir keçirilib.

Mərasimdə təhsil naziri Ceyhun Bayramov, Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev, “Clarivate Analytics” şirkətinin Konsorsium inkişafı üzrə qlobal direktoru İzabel Reiss, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti Dilqəm Tağıyev, AMEA-nın elmi müəssisələrinin direktorları və ali məktəblərin rektorları iştirak ediblər.

Tədbirdə çıxış edən Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev ölkədə elmin inkişafı istiqamətində atılan addımlardan, Azərbaycanda əldə olunan elmi nəticələrin dünyada tanıdılmasının vacibliyindən danışıb.

Elçin Babayev “Clarivate Analytics” ilə əməkdaşlığın gələcəkdə də davam etdirilməsi üçün müvafiq addımlar atılmasının vacibliyini vurğulayıb. Azərbaycanda elm və təhsilin inkişafına dövlət tərəfindən hər zaman xüsusi diqqət və qayğının göstərildiyini qeyd edən E.Babayev bu sahədə müvafiq sərəncam və fərmanların imzalandığını xatırladıb, ölkəmizə müasir texnologiyaların gətirildiyini və kadr hazırlığına böyük önəm verildiyini söyləyib. Qeyd edilib ki, bütün bunların bəhrəsi özünü elm sahəsində göstərməlidir. Növbəti mərhələ isə elmi nəticələrin məhz nüfuzlu jurnallarda nəşr olunması, elmi işlərə olan istinadların verilməsi və bunun sayəsində də beynəlxalq əməkdaşlığın qurulmasıdır.

Tədbirdə Təhsil Nazirliyi ilə “Clarivate Analytics” şirkəti arasında 2019-2021-ci illəri əhatə edən əməkdaşlığa dair müqavilə imzalanıb.

Sonra “Web of Science Azerbaijan-2018” mükafatlarının sahiblərinin adları açıqlanıb. Sevindirici haldır ki, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası "Ən məhsuldar regional universitet və elmi-tədqiqat institutu" nominasiyası üzrə mükafata laiq görülüb.

Mükafat  Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilova təqdim edilib. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.