ABŞ-ın Merilend Universitetinin professoru, akademik Roald Saqdeyev Şamaxı Astrofizika Rəsədxanasında olub May 19, 2017 | 15:05 / MÜHÜM HADİSƏLƏR

Mayın 19-da ABŞ-ın Merilend Universitetinin professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında olub.

Əvvəlcə alimə son illərdə rəsədxanada görülən elmi işlər barədə məlumat verilib, əməkdaşlıq müzakirələri aparılıb.

Sonra görüş iştirakçıları üçün seminar təşkil edilib.

Tədbiri giriş sözü ilə Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq tədbirin əhəmiyyətindən danışıb.

Tədbirdə fizika-riyaziyyat elmləri doktoru, SSRİ Elmlər Akademiyası və Rusiya Elmlər Akademiyasının akademiki Roald Saqdeyev “Kainatda görünməyən maddələrin axtarış problemləri” adlı məruzə ilə çıxış edib. Dünya şöhrətli alim ABŞ-ın nüfuzlu universitetlərində aparılan elmi təcrübələrdən danışıb.

Qeyd edək ki, Azərbaycanın ilk kosmik peykinin orbitə buraxılması məsələləri və ölkəmizdə kosmik proqramın inkişafı sahəsində akademik Roald Saqdeyevin dəyərli tövsiyələri olub.

Daha sonra, Lomonosov adına Moskva Dövlət Universitetinin nüvə fizikası üzrə baş elmi əməkdaşı Yelena Popovanın “Qırmızı cırtdanlar-exoplanetlərin axtarışı”, ABŞ-ın Merilend Universitetinin professoru Dimitriy Usikovun “Komputer texno­logiyalarının gələcək inkişaf perspektivləri” mövzularında çıxışları dinlənilib.

Sonda tədbir iştirakçıları ilə qonaq arasında maraqlı elmi müzakirələr olub, fikir mübadiləsi aparılıb və tədbir iştirakçılarının sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.