Əməkdaşlarımız AMEA Riyaziyyat və Mexanika İnstitutunda məruzə ilə çıxış ediblər Noy 14, 2018 | 15:11 / SEMİNARLAR

Noyabrın 14-də AMEA Riyaziyyat və Mexanika İnstitutunda geniş tərkibli seminar keçirilib.

Astrofiziki məsələlərin həllində qarşıya çıxmış bəzi riyazi problemlərin təqdimatı ilə bağlı olan seminarda Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov və rəsədxananın bir qrup alimləri iştirak ediblər.

Əvvəlcə ŞAR-ın elmi işçisi, f.-r.e.n.dosent  Mirnamik Bəşirov “Anizotrop Günəş küləyi modeli üçün MHD köçürmə tənliklərinin bəzi həlləri” adlı məruzə ilə çıxış edib. Anizotrop Günəş küləyi plazması üçün alınmış qeyri-xətti adi diferensial tənliklər sistemi və onun bəzi həlləri müzakirə olunub.

Sonra kiçik elmi işçi Rəcəb İsmayıllı “Anizotrop Günəş küləyi plazmasında maqnit-hidrodinamik Kelvin-Helmholtz tipli dayanıqsızlıq” adlı məruzəni təqdim edib. Məruzədə günəş küləyinin müxtəlif sürətli axınlarının kontakt səthlərində yaranan plazma dayanıqsızlıqları və bununla bağlı meydana gələn riyazi çətinliklərdən danışılıb.

Daha sonra elmi işçi Mahir Pirquliyev “Maqnit sahəsi effektləri nəzərə alınmaqla diferensial fırlanan Günəşin aşağı tezlikli məxsusi rəqsləri” mövzusunda çıxış edib. Uzunperiodlu burulğanlı Rossbi tipli qlobal rəqslərin yaranması, onların Yerin iqlimində mövcud olan qlobal dəyişkənliklərlə əlaqəsi və qoyulan fiziki məsələnin riyazi çətinlikləri barəsində müzakirələr aparılıb.

Sonda rəsədxananın əməkdaşları tərəfindən təqdim olunmuş riyazi məsələlərin həllində onlara kömək etmək üçün işçi qrup müəyyənləşdirilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.