“Ümumdünya Kosmos Həftəsi“ çərçivəsində “Günəş - Bizim canlı ulduzumuz“ tam kümbəzli filmin təqdimatı keçirilib Okt 10, 2018 | 17:10 / TƏDBİRLƏR

4-10 oktyabr “Ümumdünya Kosmos Həftəsi"nə həsr olunmuş tədbir çərçivəsində "Günəş-Bizim canlı ulduzumuz" (“The Sun, Our Living Star”) tam kümbəzli filmin təqdimatı 9 oktyabr tarixində Tusi-Bohm Planitariumunda baş tutub. Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu hər il olduğu kimi bu il də tədbirin təşkilatçılarından biri olub. 

"Günəş-Bizim canlı ulduzumuz" filmi Avropa Cənub Rəsədxanası (ESO) və istedadlı yunan film sənətçisi Theofanis Matsopoulosun birgə əməkdaşlığı ilə çəkilib.

Filmin təqdimatına canlı əfsanə, Milli Aviasiya Akademiyasının və ADA Universitetinin professoru, ABŞ-ın Merilend Universitetinin fəxri professoru, kosmik tədqiqatlar sahəsində görkəmli alim, akademik Roald Saqdeyev də qatılıb. Tədbiri Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev açıb. Tədbirdə BMT-nin Xarici Kosmos İşləri üzrə Vyana Ofisinin proqram rəhbəri Şərafət Qədimova və Planetariumun rəhbəri Famil Mustafa da çıxış ediblər.

Tədbirdə nüfuzlu xarici təşkilatlardan-NASA, Boston Universitetinin Elmi-Tədqiqat İnstitutu, Massaçutes Texnologiya İnstitutundan, Avstriya, İtaliya, Fransa, Xorvatiya, Avropa Komissiyasından olan alim və mütəxəssislərlə yanaşı, dünyanın 22 ölkəsindən gəlmiş gənc alimlər və Azərbaycanın akademik qurumlarının nümayəndələri də iştirak edib.

“Tusi-Bohm Planetarium”u Azərbaycanda son nəsil texnologiya ilə təchiz olunmuş yeganə planetariumdur. Burada “4K” prinsipi əsasında işləyən çox güclü və dəqiq proyektor sayəsində 10 metrlik ekranda alınan təsvir vasitəsilə tamaşaçılar kosmosun ənginliklərinə “səyahət”edə bilərlər. İnsanların maariflənməsinə xidmət edən planetarium bütün yaş qrupları üçün nəzərdə tutulub.

Planetariumun proqram təminatı milyon illər ərzində baş vermiş prosesləri qısaldıb izləmək üçün səmanın istənilən yerinə, istənilən anda səyahət etməyə və mövzuya aid xüsusi film, şou, ekskursiya hazırlamağa imkan verir. Burada filmlər, cizgi filmləri, kosmosa səyahət və elmi-maarifləndirici sənədli filmlərlə yanaşı, ekskursiya rəhbəri tərəfindən hazırlanmış xüsusi şou-proqramlar da təşkil olunur.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.