Bolqarıstan Elmlər Akademiyasının sədrinin rəhbərlik etdiyi nümayəndə heyəti Şamaxı Astrofizika Rəsədxanasında olub Sen 28, 2018 | 11:09 / TƏDBİRLƏR

AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) Bolqarıstan Elmlər Akademiyasının (BEA) sədri, akademik Yulian Revalskinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Məqsəd rəsədxana ilə tanışlıq və müvafiq istiqamətlərdə əməkdaşlıq perspektivlərinin müzakirəsi idi.

Nümayəndə heyətinin tərkibinə BEA-nın sədr müavini, müxbir üzv Vasil Nikolov, bu müəssisənin baş elmi katibi, professor Evdokia Paşeva və Sofiya şəhərinin merinin müavini, arxeologiya üzrə fəlsəfə doktoru, dosent Todor Çobanov daxil idilər.

Əvvəlcə ŞAR-ın direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov Şamaxı Astrofizika Rəsədxanasının  yaranma tarixindən, astrofizika sahəsində görkəmli azərbaycan alimlərindən, son illərdə bu sahədə aparılan tədqiqatlardan, müəssisənin beynəlxalq əlaqələrindən, həmçinin müasir texnologiyaların tətbiqi ilə yeni elmi-tədqiqat işlərinin aparılmasından danışıb.

Sonra ŞAR-ın şöbə müdiri, f-r.ü.f.d­­, dos. Canməmməd Rüstəmov ŞAR-ın 2 m-lik teleskopunda quraşdırılan müasir cihazlar haqqında məlumat verib.

Daha sonra ŞAR-ın şöbə müdiri f.-r.ü.f.d.,dos. Ə.Ə.Ətayi qonaqlara adı Mars planeti xəritəsindəki kraterlərin birində əbədiləşdirilən Nadir İbrahimov tərəfindən əsası qoyulmuş Planetlər fizikası laboratoriyasında aparılan elmi-tədqiqat işlərindən danışıb.

BEA-nın sədri rəsədxanada yaradılmış innovativ şəraiti, əldə olunmuş nailiyyətləri yüksək dəyərləndirib, müvafiq istiqamətlərdə elmi əlaqələrin inkişaf edəcəyinə əminliyini bildirib.

Sonda Bolqarıstanlı qonaqlar ŞAR-ın astronomiya muzeyi və 2 m-lik teleskopu ilə tanış olublar. 

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.