Əməkdaşlarımız gənc alimlərin 5-ci beynəlxalq məktəbində iştirak ediblər Sen 10, 2018 | 14:09 / MÜHÜM HADİSƏLƏR

26 avqust - 1 sentyabr 2018-ci il tarixlərində AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının “Kosmik plazma və Heliogeofiziki  problemlər” şöbəsinin əməkdaşları Mahir Pirquliyev və Rəcəb İsmayıllı Qazaxıstanda elmi ezamiyyətdə olublar.

Səfər zamanı onlar Almatı şəhərində Müstəqil Dövlətlər Birliyinin (MDB) iştirakçısı olan dövlətlərin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun maliyyə dəstəyi və Rusiya Elmlər Akademiyası P.N. Lebedev adına Fizika İnstitutunun təşkilatçılığı ilə keçirilən “Yüksək enerjili zərrəciklər fizikası və astrofizikasının qarışıq problemləri” adlı MDB dövlətlərinin gənc alimlərinin 5-ci beynəlxalq məktəbində iştirak ediblər.

Əməkdaşlarımız beynəlxalq məktəbdə "Günəş neytrino probleminin həllinə maqnitohidrodinamik yanaşma" (Mahir Pirquliyev) və "Anizotrop Günəş küləyi plazmasında maqnitohidrodinamik Kelvin-Helmholtz dayanıqsızlığı" (Rəcəb İsmayıllı) adlı iki mühazirə ilə çıxış ediblər. 

Tədbirdə gənc alimlərə fizika və astrofizika sahəsindəki son elmi yeniliklər barəsində aparıcı mütəxəssislər tərəfindən müxtəlif mühazirələr təqdim edilib.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.