Birinci Azərbaycan-Rusiya beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb İyn 07, 2018 | 16:06 / MÜHÜM HADİSƏLƏR

Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF), Federal dövlət büdcə təşkilatı “Rusiya Fundamental Tədqiqatlar Fondu” (RFTF) və AMEA arasında imzalanmış əməkdaşlıq haqqında üçtərəfli saziş çərçivəsində 2017-ci il martın 28-də elan olunmuş birinci Azərbaycan-Rusiya üçtərəfli birgə beynəlxalq qrant müsabiqəsinin nəticələri açıqlanıb.

Müsabiqədə iştirak etmək üçün layihələr 2017-ci il martın 28-dən iyunun 29-dək qəbul olunub. Layihələr Elmin İnkişafı Fondunun yaratdığı innovativ texnologiya olan “e-QRANT”=“Qrant layihələrinin Elektron İdarəolunması Sistemi” vasitəsilə təqdim edilib. Nəticələr Elmin İnkişafı Fondu və Rusiya Fundamental Tədqiqatlar Fondunun Birgə Komissiyasında da müzakirə olunub.

Birinci Azərbaycan-Rusiya birgə beynəlxalq qrant müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi 2 milyon 630 min manat olmaqla 20 qalib layihə müəyyənləşdirilib. Uğur dərəcəsi (daxil olan və qalib olan layihələrin sayı üzrə) 28.76% olub və bu rəqəm beynəlxalq təcrübəyə uyğundur. Multidissiplinar və tətbiqi xarakterli tədqiqatlara, müxtəlif akademik və təhsil qurumlarından, sahə elmi-tədqiqat institutlarından olan alim və mütəxəssislər tərəfindən yerinə yetirilməsi planlaşdırılan elmi-tədqiqat mövzuları üzrə təqdim olunmuş layihələrə elmi ekspertizanın nəticələri əsasında seçim zamanı üstünlük verilib.

Qeyd edək ki, AMEA N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası adı çəkilən qrant müsabiqəsində "Günəş və heliogeofiziki aktivliyin variasiyalarının fizikası, uzunmüddətli proqnozlaşdırılması və biosistemlərə təsiri" (AMEA Naxçıvan Bölməsinin Batabat Astrofizika Rəsədxanası; AMEA Fiziologiya İnstitutu və AMEA Naxçıvan Bölməsi ilə birgə) və "Maqnit sahələri və cavan ulduzların aktivliyi" (AMEA Fizika İnstitutu ilə birgə) adlı qalib layihələrlə təmsil olunub.

Hər iki layihənin icra müddəti 24 aydır.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.