Rəsədxanada Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasının mükafatçıları ilə görüş keçirilib Okt 21, 2026 | 10:10 / TƏDBİRLƏR

Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında (IOAA 2026) Azərbaycanı uğurla təmsil edən məktəblilərlə görüş keçirilib.

Tədbiri giriş sözü ilə açan Rəsədxananın icraçı direktoru, professor Nəriman İsmayılov olimpiada iştirakçılarını əldə etdikləri nailiyyət münasibətilə təbrik edib, onların uğurunu yüksək qiymətləndirib. O, gənclərin astronomiya və astrofizika sahəsində beynəlxalq səviyyədə qazandıqları nəticələrin ölkəmizdə elmi biliklərə marağın artırılması və gələcək alimlərin yetişməsi baxımından əhəmiyyətini vurğulayıb.

Daha sonra Tusi-Bohm Planetariumunun rəhbəri Famil Mustafa çıxış edərək olimpiadaçılarımızın uğurlarından danışıb, onların əldə etdikləri nəticələrin əhəmiyyətini qeyd edib və gənclərə gələcək fəaliyyətlərində uğurlar arzulayıb.

Tədbirin sonunda Azərbaycanı beynəlxalq olimpiadada təmsil edən məktəblilərə diplomlar və xatirə hədiyyələri təqdim olunub.

Qeyd edək ki, Azərbaycan məktəbliləri Vyetnam Sosialist Respublikasının Hanoy şəhərində keçirilən XIX Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında üç bürünc medal qazanaraq ölkəmizi uğurla təmsil ediblər. Olimpiadaya hazırlıq N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının, Bakı Dövlət Universitetinin, Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzinin və Tusi-Bohm Planetariumunun dəstəyi ilə təşkil olunub.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.