Şamaxı Astrofizika Rəsədxanasında YAP-ın VIII Qurultayından irəli gələn məsələlərlə bağlı müşavirə keçirilib Okt 20, 2026 | 14:10 / İCLASLAR
Oktyabr ayının 20-də “Hüseyn Cavid 115” ünvanı üzrə (Azərbaycan Rrespublikası Elm və Təhsil Nazirliyi N.Tusia adına Şamaxı Astrofizika Rəsədxanası) Ərazi Partiya Təşkilatında Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının (YAP) sədri cənab İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VIII Qurultayındakı nitqindən irəli gələn məsələlər və qarşıda duran vəzifələrlə bağlı müşavirə keçirilib. Müşavirədə YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev, Ərazi Partiya Təşkilatının sədri, AMEA-nın müxbir üzvü, Şamaxı Astrofizika Rəsədxanasının baş direktoru Namiq Cəlilov, YAP Yasamal Tayon Təşkilatının əməkdaşları və Ərazi Partiya Təşkilatının üzvləri iştirak ediblər.
 
Müşavirə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü və suverenliyi uğrunda canından keçmiş şəhidlərin əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Ardınca Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
 

Müşavirədə çıxış edən ŞAR-ın baş direktoru Namiq Cəlilov YAP-ın VIII Qurultayının əhəmiyyətindən, ölkənin qarşısında duran strateji vəzifələrdən və Azərbaycanın yeni inkişaf mərhələsində elmin rolundan danışıb. O, müasir dövrdə elmi tədqiqatların inkişaf etdirilməsinin, elmi potensialın gücləndirilməsinin və gənc tədqiqatçıların dəstəklənməsinin əhəmiyyətini vurğulayıb. Namiq Cəlilov qeyd edib ki, fundamental elmlərdən biri olan astronomiyanın inkişafı, beynəlxalq elmi əməkdaşlığın genişləndirilməsi və əldə olunan elmi nəticələrin ölkənin elmi potensialının möhkəmləndirilməsinə yönəldilməsi mühüm vəzifələrdəndir.

Çıxış edən YAP Yasamal Rayon Təşkilatının sədri Bəxtiyar Nəbiyev Azərbaycan Respublikasının Prezidenti, Yeni Azərbaycan Partiyasının sədri İlham Əliyevin VIII Qurultaydakı nitqində səsləndirilən müddəaların əhəmiyyətindən və onların partiya təşkilatlarının fəaliyyətində müəyyənləşdirdiyi əsas istiqamətlərdən bəhs edib. O bildirib ki, ölkənin davamlı inkişafının təmin olunması, milli həmrəyliyin qorunması və dövlətçilik dəyərlərinin möhkəmləndirilməsi bu mərhələdə xüsusi əhəmiyyət daşıyır.

Bəxtiyar Nəbiyev vurğulayıb ki, elmi müəssisələrdə fəaliyyət göstərən ərazi partiya təşkilatlarının qarşısında duran əsas vəzifələrdən biri əməkdaşların ictimai fəallığının artırılması, gənc alimlərin təşəbbüslərinin dəstəklənməsi və elmin inkişafına yönəlmiş fəaliyyətin təşviq edilməsidir. O, Şamaxı Astrofizika Rəsədxanasının ölkənin elmi potensialının inkişafında tutduğu mövqeyə toxunaraq, kollektivin elmi nailiyyətlərinin və ictimai fəaliyyətinin əhəmiyyətini qeyd edib.

ŞAR-ın icraçı direktoru Nəriman İsmayılov çıxışında Rəsədxananın elmi-təşkilati fəaliyyəti, qarşıda duran vəzifələr və əməkdaşların elmi tədqiqatların inkişafına verdiyi töhfələr barədə danışıb. O, elmi müəssisələrdə sağlam iş mühitinin formalaşdırılmasının, kollektivin birgə fəaliyyətinin və gənc mütəxəssislərin elmi fəaliyyətə cəlb edilməsinin vacibliyini vurğulayıb. Nəriman İsmayılov qeyd edib ki, elmi potensialın səmərəli istifadəsi, müasir tədqiqat istiqamətlərinin inkişaf etdirilməsi və beynəlxalq elmi əlaqələrin genişləndirilməsi Rəsədxananın fəaliyyətində mühüm yer tutur.

Müşavirədə YAP-ın VIII Qurultayından irəli gələn vəzifələrin elmi müəssisələrin fəaliyyətinə uyğun şəkildə həyata keçirilməsi, milli həmrəyliyin gücləndirilməsi, gənc alimlərin dəstəklənməsi və elmin inkişafına töhfə verən təşəbbüslərin təşviqi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.