12-14 oktyabr 2026-cı il tarixlərində Yaponiyanın Tokio şəhərində “Astronomy 2026: International Conference on Astronomy, Astrophysics and Space Science” mövzusunda beynəlxalq elmi konfrans keçirilib. Beynəlxalq tədbirdə dünyanın 40-dan çox aparıcı elmi mərkəzini təmsil edən alim və tədqiqatçılar, o cümlədən Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) "Nəzəri Astrofizika və Kosmologiya" şöbəsinin aparıcı elmi işçisi, fizika-riyaziyyat üzrə fəlsəfə doktoru, dosent Məhəmməd Nurməmmədov iştirak edib.
15 sessiya bölməsi üzrə təşkil olunan konfransın “Astrofizika və Kosmologiya” üzrə paralel texniki sessiyasında alimimiz əsas məruzəçi (Keynote Speaker) qismində çıxış edib. O, “Qeyri-klassik riyazi fizika tənliklərinin tətbiqi ilə maqnit ulduzlarında toroidal plazma və sahədə magnithidrodinamik tarazlığın tədqiqi” (An Application of Non-Classical Equations of Mathematical Physics to Magnetic Stars for the Investigation of Magneto-Hydrodynamic Equilibrium with Toroidal Plasma and Field) mövzusunda elmi məruzəsini təqdim edib.
Məhəmməd Nurməmmədov çıxışında bildirib ki, maqnit ulduzlarında toroidal sahənin birbaşa müşahidəsi son dərəcə çətin, bəzi hallarda isə qeyri-mümkün olduğundan bu istiqamətdə nəzəri metodlarla aparılan tədqiqatlar xüsusi əhəmiyyət kəsb edir. Alim maqnitsferdə Lorens qüvvəsi, plazma təzyiq qradiyenti və mərkəzdənqaçma qüvvələrinin tarazlığı əsasında maqnithidrodinamik tarazlıq şərtini müəyyən etmək üçün ilk dəfə qeyri-klassik riyazi fizika tənliyini tətbiq etdiyini diqqətə çatdırıb. Həmçinin diferensial fırlanmada “poloidal” və “toroidal” maqnit sahələrinin dayanıqlı təsirini saxlayan şərtlər müəyyən olunub, model tənlikdə cırlaşma və sinqulyarlıq xüsusiyyətlərinin fiziki mahiyyəti (“cut-off”, “resonance”) təhlil edilib.
Məruzə iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb və verilən suallar ətraflı cavablandırılıb.
Sonda ŞAR əməkdaşı Məhəmməd Nurməmmədova fəal iştirakına görə konfransın Elmi Komitəsi tərəfindən xüsusi minnətdarlıq məktubu və iştirakçı sertifikatı təqdim olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.