15-16 oktyabr 2026-cı il tarixlərində Taras Şevçenko adına Kiyev Milli Universitetinin Astronomiya Rəsədxanasının təşkilatçılığı ilə görkəmli astrofizik Leonid Şulmananın 90 illik yubileyinə həsr olunmuş "Beynəlxalq Çuryumov Qiraətləri: CAMMAC" adlı beynəlxalq konfrans keçirilib. Hibrid formatda təşkil olunan nüfuzlu elmi tədbirdə təxminən 40 elmi məruzə dinlənilib.
Beynəlxalq tədbirdə ölkəmizi və Nəsirəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanasını təmsil edən azərbaycanlı astronomlar maraqlı və aktual mövzularda elmi məruzələrlə çıxış ediblər. Belə ki, fizika-riyaziyyat elmləri doktoru, AMEA-nın müxbir üzvü Əyyub Quliyev və astronomiya üzrə fəlsəfə doktoru Rüstəm Quliyevin həmmüəllif olduğu "Yenilənmiş komet məlumatlarından istifadə etməklə naməlum planet fərziyyəsinin yoxlanılması", Əyyub Quliyev və doktorant Bənövşə Əsgərovanın həmmüəllif olduğu "Uzunperiodlu kometlər və trans-Neptun obyektləri" adlı məruzələr konfransda səsləndirilib.
Müzakirələr və elmi fikir mübadilələri şəraitində keçən konfransda qlobal elmi əməkdaşlığın əhəmiyyəti bir daha vurğulanıb, həmçinin qarşılıqlı elmi əlaqələrin gələcək perspektivləri müzakirə olunub.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.