Şamaxı Astrofizika Rəsədxanasının icraçı direktoru, fizika-riyaziyyat elmləri doktoru, professor Nəriman İsmayılov kaspi.az saytına müsahibə verib. O, müasir astrofizikanın inkişaf istiqamətləri, son elmi nailiyyətlər, yeni texnologiyaların astronomiyada tətbiqi və Azərbaycanın beynəlxalq astronomiya tədqiqatlarındakı rolu barədə danışıb.
Professor bildirib ki, müasir astrofizikada süni intellekt, neyron şəbəkələri və böyük verilənlər bazalarının tətbiqi getdikcə genişlənir. Bu texnologiyalar kosmik obyektlərin öyrənilməsində, mürəkkəb məlumatların təhlilində və yeni astronomik hadisələrin aşkarlanmasında mühüm rol oynayır. Nəticədə astrofiziklər də müasir texnologiyaları öz tədqiqatlarında tətbiq etməyə və yeni metodlara uyğunlaşmağa ehtiyac duyurlar. "Data Science" və ümumiyyətlə İT (İnformasiya Texnologiyaları) metodlarının, o cümlədən Sİ (Süni İntellekt) tətbiqi böyük həcmli astronomik verilənlərin daha effektiv emalına, təhlilinə, eyni zamanda elmi məsələlərin daha qısa müddətdə həllinə imkan yaradır.
Onun sözlərinə görə, Şamaxı Astrofizika Rəsədxanasında ulduzların formalaşması, təkamülü, Günəş plazması, aktiv qalaktika nüvələri və digər astrofiziki obyektlər üzrə mühüm elmi tədqiqatlar aparılır. Alimin şəxsən rəhbərlik etdiyi qrup tərəfindən gənc Herbiq Ae/Be tipli ulduzların maqnit strukturları və akkresiya prosesləri ilə bağlı əhəmiyyətli elmi nəticələr əldə olunub. Həmçinin digər istiqamətlər üzrə daimi beynəlxalq əməkdaşlıqlar mövcuddur. Təkcə son illərdə rəsədxana HORIZON, GRANDMA, Gaia və COST kimi beynəlxalq layihələrdə iştirak edib və bəziləri hələ də davam edir. Bu əlaqələr rəsədxananın dünya elminə inteqrasiyasını və beynəlxalq elmi əməkdaşlığını gücləndirir.
Müsahibədə alim beynəlxalq miqyasda son yeniliklər haqqında da məlumat verib. Alim qravitasiya dalğalarının ilk dəfə qeydə alınmasını, qara dəliklərin ilk görüntülərinin əldə edilməsini və Ceyms Vebb kosmik teleskopunun müşahidələrini son onilliyin mühüm astronomik nailiyyətləri kimi qiymətləndirib. O, informasiya texnologiyaları ilə astrofizika arasındakı sərhədlərin getdikcə yumşaldığını vurğulayıb. Müasir teleskoplar fasiləsiz olaraq böyük həcmdə müşahidə məlumatları topladığından, bu verilənlərin emalında Sİ və digər İT həllərinin tətbiqi artıq zərurətə çevrilib. O həmçinin qeyd edib ki, müasir astrofizikanın ən perspektivli tədqiqat istiqamətlərindən biri qaranlıq maddə və qaranlıq enerjinin təbiətinin öyrənilməsidir. Son illərdə yaradılan bir sıra iri astronomik müşahidə sistemləri məhz bu fundamental problemlərin araşdırılmasına yönəlib. Digər aktual istiqamət isə ekzoplanetlərin tədqiqi, onların atmosferlərinin öyrənilməsi və Yerdən kənarda həyatın mümkün əlamətlərinin axtarışıdır.
Müsahibədə Şamaxı Astrofizika Rəsədxanasının elmi potensialının qorunması və inkişaf etdirilməsinin vacibliyinə də toxunulub. Professor vurğulayıb ki, astronomiya yalnız fundamental elm sahəsi deyil, həm də mühüm texnoloji və strateji əhəmiyyətə malik istiqamətdir. Kosmik monitorinq, süni peyklərin və kosmik tullantıların izlənilməsi, Yer üçün potensial təhlükə yaradan asteroidlərin aşkarlanması və Günəş aktivliyinin öyrənilməsi astronomiyanın mühüm tətbiq sahələrindəndir. Bununla yanaşı, astronomik tədqiqatlar üçün hazırlanan optik sistemlər, sensorlar, proqram təminatları digər elm və texnologiya sahələrində də geniş tətbiq olunur. Şamaxı Astrofizika Rəsədxanası elmi ənənələrin qorunduğu, beynəlxalq əməkdaşlığın inkişaf etdirildiyi, gələcək astrofiziklərin, astronomların və mühəndislərin yetişdirildiyi mühüm elmi mərkəzdir.
Professor sonda qeyd edib ki, Şamaxı Astrofizika Rəsədxanasının mövcud elmi və texniki potensialının qorunması, müasirləşdirilməsi və inkişaf etdirilməsi Azərbaycanın elmi nüfuzu, təhsili və texnoloji gələcəyi baxımından mühüm əhəmiyyət daşıyır.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.