Kosmik hava durumu və proqnozu Okt 19, 2026 | 12:10 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı zəifləmiş və əsasən C sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4551 ləkə regionunda baş vermiş M1.3 sinifli alışma olmuşdur və alışmaya bağlı olaraq radio rabitədə R1 fasilələr qeydə alınmışdır. 4551 ləkə regionu β-γ maqnit quruluşu göstərir. Hesabat dövründə əsasən Tac Dəliyi Axınlarının (TDA)  təsiri üstünlük təşkil etmişdir. Günəşin səthində ləkələrin sayı azalaraq 4 ləkə qrupunda 85  ləkə və yenə də Tac Dəlikləri müşahidə olunur.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron yüksək səviyyədə olmuş, 1466 pfu-dək yüksəlmişdir. 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyinin maksimal sürəti 771 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 16 nT, radial istiqamətdə isə -8 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır (373) km/san, sıxlığı 2.2 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 4.9 nT, radial istiqamətdə isə -2.5 nT təşkil edir.

Hesabat dövründə geomaqnit sahəsinin intensivliyi sakit və aktiv səviyyələr arasında dəyişmişdir. Hal-hazırda geomaqnit sahəsinin intensivliyini xaraterizə edən Kp indeksi 0.3-ü göstərir və kosmik hava sakitdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (19-25 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 85%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 25%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 5% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin isə fon səviyyəsində qalacağı gözlənilir.

Günəş küləyi sürətinin müsbət qütblü Tac Dəliyi Axınları təsiri ilə yüksələcəyi gözlənilir. 

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15–20%, orta  geomaqnit enliklərdə isə 35-1%-dir.

Geomaqnit sahəsi -  müsbət qütblü Tac Dəliyi Axınlarının təsiri 19-20 oktyabrda G1 səviyyəli, yəni zəif geomaqnit qasırğası gözlənilir.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.