Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasının (ŞAR) elmi işçisi Samirə Baxşiyeva Ümumdünya Kosmos Həftəsi çərçivəsində keçirilən “Eyni Səma Altında: Astronomiya Təhsili Görüşləri” adlı beynəlxalq tədbirdə iştirak edib.
Onlayn formatda təşkil olunan tədbirə Türkiyənin İstanbul şəhərindən, Azərbaycanın Bakı və Şamaxı rayonlarından, eləcə də Özbəkistanın Andican şəhərindən müəllim və şagirdlər qatılıblar. İştirakçılar arasında İstanbul Təhsil İdarəsi, Bağcılar rayonundakı Ahi Evren Qız Anadolu İmam Xətib Liseyi, Kadıköy rayonundakı Validebağ Fen Liseyi, Şamaxı rayonunun Sabir qəsəbə tam orta məktəbi, Bakı şəhəri 212 nömrəli tam orta məktəb və Andican şəhəri 31 nömrəli tam orta məktəbinin nümayəndələri yer alıblar.
Tədbirin məqsədi astronomiya və kosmos elmlərinə marağı artırmaq, şagirdlərdə araşdırma və elmi düşünmə bacarıqlarını inkişaf etdirmək, həmçinin fənlərarası öyrənməni təşviq etməkdir. Görüş Türkiyə, Azərbaycan və Özbəkistan arasında astronomiya və kosmos təhsili sahəsində əməkdaşlığın genişləndirilməsinə də xidmət edir. Tədbir, həmçinin oktyabrın 5–9-da Antalyada keçirilmiş 77-ci Beynəlxalq Kosmos Konqresinin (IAC 2026) gündəliyini təhsil müstəvisində davam etdirmək və müasir kosmos tədqiqatları barədə məlumatlılığı artırmaq məqsədi daşıyır.
Birləşmiş Millətlər Təşkilatının təşəbbüsü ilə hər il oktyabrın 4-dən 10-dək qeyd olunan Ümumdünya Kosmos Həftəsinin 2026-cı il üçün mövzusu “Rocket Revolution” (“Raket İnqilabı”) müəyyən edilib. Mövzu kosmosa çıxış imkanlarının genişlənməsini, yeni nəsil buraxılış sistemlərini və kosmos sahəsindəki texnoloji inkişafı əhatə edir.
Tədbirin təhsil üzrə koordinasiyası İstanbul İl Milli Təhsil Müdirliyi, Müəllim Akademiyaları və Astronomiya və Kosmos Elmləri Emalatxanaları tərəfindən həyata keçirilib. Təhsil koordinatoru Zehra Esra Balkan olan tədbirin tərəfdaşları sırasında İstanbul Universitetinin Fen fakültəsinin Astronomiya və Kosmos Elmləri kafedrası və rəsədxanasından Dr. Özgecan Önal Taş, eləcə də Şamaxı Astrofizika Rəsədxanasından Samirə Baxşiyeva yer alıb.
Tədbirdə çıxış edən Samirə Baxşiyeva iştirakçılara ŞAR-ın fəaliyyəti, burada aparılan elmi tədqiqatlar və astronomiya sahəsində mövcud imkanlar barədə məlumat verib. O, həmçinin şagirdlərin astronomiyaya marağının artırılmasının və onların elmi-tədqiqat fəaliyyətinə cəlb edilməsinin əhəmiyyətini vurğulayıb.
Görüş çərçivəsində şagird və müəllimlərin sualları cavablandırılıb, astronomiya və kosmos elmlərinin tədrisi ilə bağlı fikir mübadiləsi aparılıb.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.