Kosmik hava durumu və proqnozu Okt 12, 2026 | 12:10 / KOSMİK HAVA

Kosmik hava durumu – Hesabat dövrü ərzində Günəşin fəallığı artaraq, əsasən M sinif alışmalar qeydə alınmışdır. Maksimal sinifli alışma isə 4549 ləkə regionunda baş vermiş M6.8 sinifli alışma olmuşdur. 4549 ləkə regionu β-γ, 4551 β-δ maqnit quruluşu göstərir. Hesabat dövründə Yerə istiqamətlənmiş Tac Kütlə Atılmaları (TKA) və Tac Dəliyi Axınları  (TDA) qeydə alınmışdır. Günəşin səthində ləkələrin sayı artaraq 6 ləkə qrupunda 94  ləkə və yenə də Tac Dəliyi müşahidə olunur.

Hesabat dövrü ərzində enerjisi 2 MeV-dən çox olan elektron yüksək səviyyədə olmuş, 11335 pfu-dək, 10 MeV-dən çox enerji yüklü proton seli isə fon səviyyəsində qalmışdır.

Günəş küləyinin maksimal sürəti 904 km/san–dək artmışdır. Yer orbitində planetlərarası maqnit sahəsinin maksimal qiyməti 46 nT, radial istiqamətdə isə -29 nT olmuşdur. Hal-hazırda Günəş küləyinin sürəti normaldır 480 km/san, sıxlığı 0.43 p/sm3, planetlərarası maqnit sahəsinin maksimal qiyməti 7 nT, radial istiqamətdə isə 0.9 nT təşkil edir.

Hesabat dövründə gözlənildiyi kimi 5 oktyabrda geomaqnit sahəsinin intensivliyi G1 səviyyəsinədək yüksəlmişdir. 06-09 oktyabrda baş vermiş Yerə istiqamətlənmiş Tac Kütlə Axınlarının, həmçinin Tac Dəliyi Axınlarının təsiri ilə isə 11 oktyabrda güclü geomaqnit qasırğası (G3) baş vermişdir.

Kosmik hava proqnozu – Proqnoz günlərində (12-18 oktyabr) C sinif alışmanın baş verməsi ehtimalı 99%, M (R1-R2) sinif alışmanın baş verməsi ehtimalı 65%, X (R3) sinif alışmanın baş verməsi ehtimalı isə 15% təşkil edir.

Enerjisi 2 MeV-dən çox olan elektron selinin orta və yüksək səviyyədə, 10 MeV-dən çox enerji yüklü proton selinin də S1 səviyyəsinə yüksələcəyi gözlənilir.

Günəş küləyi sürətinin Tac Kütlə Atılmaları və Tac Dəliyi Axınları təsiri ilə normadan yüksək olacağı gözlənilir. 

Avroraların müşahidə olunması ehtimalı isə yüksək geomaqnit enliklərdə 15–20%, orta  geomaqnit enliklərdə isə 20-1%-dir.

Geomaqnit sahəsi -  Tac Kütlə Atılmaları və Tac Dəliyi Axınlarının təsiri hələ də davam edir. 13 oktyabrda yenidə mənfi qütblü Tac Dəliyi Axınlarının geoeffektiv olması nəticəsində yenidən zəif (G1) geomaqnit qasırğası gözlənilir. Sonra isə TKA və TDA-ın zəifləyən təsiri altında geomaqnit sahəsi qeyri-stabil olacaq.

 © Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.