Şamaxı Astrofizika Rəsədxanasının növbəti astroseminarı keçirilib Okt 09, 2026 | 14:10 / ASTRO SEMİNARLAR

Oktyabrın 23-də Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanasında (ŞAR) növbəti astroseminar keçirilib.

Seminarı ŞAR-ın baş direktoru, AMEA-nın müxbir üzvü Namiq Cəlilov açaraq iştirakçıları salamlayıb və məruzənin mövzusu barədə məlumat verib.

Daha sonra Şamaxı Astrofizika Rəsədxanasının doktorantı Bənövşə Əsgərova “Kholshevnikov metrikləri ilə Trans-Neptun Obyektlərinin ortaq mənşəli cütlərinin axtarışı” mövzusunda məruzə ilə çıxış edib. 

Məruzəçi seminarda Kholshevnikov metrik meyarı ilə ortaq mənşəli Trans-Neptun Obyekt (TNO) cütlərinin tədqiqi haqqında məlumat verib. Gusev & Kuznetsov (2026, Icarus) Kholshevnikov ortaq mənşə metriklərindən (ρ₂, ρ₅) istifadə edərək 2609 TNO ibarət nümunə daxilində bir-birinə yaxın orbitlərə malik 46 cüt müəyyən etmişdir. Bu cütlərdən 5-i üçün tam ehtimallı orbital təkamül analizi aparılmışdır. Bu analiz 500 kovariasiya əsaslı klondan və iki müstəqil yaş qiymətləndirmə metodunun eyni vaxtda təmin edilməsindən ibarət olmuşdur.

Təqdim olunan işdə eyni metodologiyanı daha geniş axtarış meyarı ilə tətbiq etməklə, ədəbiyyatda hələ məlumat verilməmiş potensial gənc TNO cütlərini aşkar etmək məqsədi ilə mövcud namizədlərin etibarlılığı müstəqil şəkildə yoxlanılmışdır. Nəticədə, 77 namizəd cütdən 76-sı (%98.7) test edilmişdir, ortaq mənşə baxımından ən yüksək nəticə göstərən 4 yeni TNO cütü namizədi tapılmışdır.

Seminar iştirakçıları tərinfən maraqla qarşılanan məruzənin sonunda elmi-tədqiqat çərçivəsində əldə olunan nəticələr ümumiləşdirilib, onların perspektiv tətbiq imkanları müzakirə olunub və iştirakçıların sualları cavablandırılıb.

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.