Məktəblilərimiz Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında uğur qazanıblar Okt 07, 2026 | 15:10 / MÜHÜM HADİSƏLƏR

25  sentyabr – 5  oktyabr  2026-cı  il  tarixlərində  Vyetnamın  Hanoi  şəhərində  keçirilən  Beynəlxalq  Astronomiya  və  Astrofizika  Olimpiadasında  (IOAA 2026)  Azərbaycan  məktəbliləri  ölkəmizi  uğurla  təmsil  ediblər.

Olimpiadanın  yekun  nəticələrinə  əsasən,  Azərbaycan  komandası  3  bürünc  medal  qazanıb:

Ərtoğrul Məhərrəmli — Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin X sinif şagirdi — bürünc medal;

Mehdi Qasımlı — Bakı şəhəri, Türkiyə Dəyanət Vəqfi Bakı Türk Liseyinin XI sinif şagirdi — bürünc medal;

Orxan Tağıyev — Bakı şəhəri, fizika, riyaziyyat və informatika təmayüllü liseyin X sinif şagirdi — bürünc medal.

Bununla yanaşı, Orxan Tağıyev komanda yarışında da qalib olub.

Azərbaycan komandasının Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasında iştirakı ölkə üzrə keçirilən Azərbaycan Astronomiya Olimpiadasının nəticələri əsasında formalaşır.

Azərbaycan Astronomiya Olimpiadasının keçirilməsində əsas məqsəd şagirdlər arasında astronomiyaya marağın artırılması, təhsil sistemində astronomiyaya daha geniş yer verilməsinin təşviq edilməsi, istedadlı şagirdlərin aşkar olunması, həmçinin qaliblərin Beynəlxalq Astronomiya və Astrofizika Olimpiadasına hazırlığının təmin edilməsidir.

Olimpiadanın təşkilatçıları Bakı Dövlət Universiteti (BDU), Azərbaycan Respublikasının Təhsil İnstitutu, N. Tusi adına Şamaxı Astrofizika Rəsədxanası, MÜTDA Respublika Uşaq-Gənclər İnkişaf Mərkəzi və “Həvəskar Astronomlar Cəmiyyəti” İctimai Birliyidir. Azərbaycan Astronomiya Olimpiadası Tusi-Bohm Planetariumun baş sponsorluğu ilə həyata keçirilir.

Məktəblilərimizi təbrik edir, onlara gələcək təhsil və elmi fəaliyyətlərində yeni uğurlar arzulayırıq!

© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.