Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin N.Tusi adına Şamaxı Astrofizika Rəsədxanası (ŞAR) və Tusi-Bohm Planetariumun birgə təşkilatçılığı ilə 1–4 oktyabr 2026-cı il tarixlərində Ümumdünya Kosmos Həftəsinə həsr olunmuş və Beynəlxalq Astronomiya İttifaqının (IAU) “100 Saatlıq Astronomiya” tədbirləri çərçivəsində “Sual Şagirddən – Cavab Alimdən” adlı layihə həyata keçirilib. Çoxsaylı şəhər və rayonları əhatə edən layihədə Bakı şəhərinin 279 nömrəli tam orta məktəbi, A. Rəhimov adına 247 nömrəli tam orta məktəb, Bakı Dövlət Universitetinin nəzdində “Gənc istedadlar” liseyi, Abşeron rayonu, Masazır qəsəbəsi 3 nömrəli tam orta məktəb, Mingəçevir şəhər Y. Muradov adına 11 nömrəli tam orta məktəb, Qəbələ şəhəri Ş. Bulqədirov adına 5 nömrəli tam orta məktəb, Qəbələ rayonunun Vəndam qəsəbəsi H. Rəşidov adına 2 nömrəli tam orta məktəb, Şamaxı şəhəri M. Veysov adına 6 nömrəli tam orta məktəb, Şamaxı şəhəri E. Hüseynov adına 2 nömrəli tam orta məktəb və Qobustan şəhəri 1 nömrəli tam orta məktəbin şagirdləri iştirak ediblər.
Layihə çərçivəsində Azərbaycanın müxtəlif ümumtəhsil məktəblərində təhsil alan şagirdlər tərəfindən astronomiya və kosmosla bağlı maraqlı və düşündürücü suallar hazırlanaraq təqdim olunub. Seçilmiş suallar Şamaxı Astrofizika Rəsədxanasının alim və mütəxəssisləri tərəfindən cavablandırılıb.
Qeyd edək ki, şagirdlər tərəfindən ünvanlanan suallar astronomiyanın müxtəlif istiqamətlərini, Günəş sistemi və planetləri, ulduzları və qalaktikaları, kosmik tədqiqatları, kainatın quruluşu və inkişafını, eləcə də gündəlik həyatda müşahidə olunan müxtəlif astronomik hadisələri əhatə edib. Həmin suallar isə şagirdlərin yaş xüsusiyyətləri və maraqları nəzərə alınmaqla, alimlər tərəfindən elmi əsaslarla, eyni zamanda məktəblilər üçün anlaşıqlı və maraqlı formada cavablandırılıb.
Beynəlxalq Astronomiya İttifaqının Astronomiya Təhsili Ofisi (IAU OAE) – Azərbaycan üzrə Milli Astronomiya Təhsili Koordinatoru (NAEC) Komandasının üzvü Aynurə Həsənovanın rəhbərliyi, ŞAR Gənc Alim və Mütəxəssislər Şurasının sədri Samirə Baxşiyevanın koordinasiyası ilə həyata keçirilən layihənin əsas məqsədi məktəblilərin astronomiya və kosmosa marağını artırmaq, onların elmi maraq və suallarını alimlərin cavabları vasitəsilə dəstəkləmək, elmi bilikləri geniş auditoriyaya çatdırmaq və elmə marağı təşviq etmək olub.
Şagirdlər tərəfindən ünvanlanan suallar və ŞAR alimlərinin cavabları videomateriallar şəklində 1–4 oktyabr 2026-cı il tarixlərində ŞAR-ın rəsmi “facebook” səhifəsində paylaşılıb.
Layihənin həyata keçirilməsində iştirak edən bütün şagirdlərə, müəllimlərə, ŞAR-ın rəhbərliyinə, alim və elmi mütəxəssislərə, eləcə də video materialların hazırlanması, çəkilişi, montajı və paylaşılmasında iştirak edən əməkdaşlara təşəkkürümüzü bildiririk.
© Bütün hüquqlar qorunur. Xəbərlərdən istifadə edərkən www.shao.az saytına istinad zəruridir.